bezos-netflix-i-bu-meblege-almaq-isteyib

Bezos “Netflix”-i bu məbləğə almaq istəyib

“Amazon”-un rəhbəri Ceff Bezos 1998-ci ildə “Netflix”-i hələ şirkət bazara təzə çıxdığı vaxt almaq istəyib.

İnsider.az “Forbes”-a istinadla bildirir ki, bu barədə öz memuarlarında “Netlfix”-in həmtəsisçisi və ilk baş direktoru Mark Rendolf danışıb.

1997-ci ildə Bezos IPO zamanı (ilkin ictimai təklif) 54 milyon dollar cəlb etdi və bu vəsaiti kiçik şərkətlərin əldə olunmasına xərcləmək istəyirdi.

Rendolf memuarlarında “açarları təhvil verməyə hazır olmadığını” yazır. “Netflix”-in baş investoru Rid Hastinqslə birgə “Amazon”-un Sietldakı ofisinə getdikləri vaxt Bezosun şirkətinin yerləşdiyi rayon onları təəccübləndirmişdi - ətrafda sınıq şüşəli binalar, səkilərdə isə zibil tökülmüşdü. Ofisin özü tozlu, ensiz və basırıq idi.

Rendolf bu şirkətin elektron ticarəti icad edən şirkət olduğuna inana bilmədiyini və bunun fonunda “Netflix” ofisinin “IBM”-in top-menecerinin kabineti kimi göründüyünü xatırlayır.

Bezosun kabinetdində o, “Amazon”-un ofisindəki masaların adi qapılardan hazırlandığına diqqət edib. Bezos “Belə biz ancaq alıcılara aid olan şeylərə pul sərf etdiyimizi göstəririk” deyə izah edib.

“Amazon”-un “Netflix”-ə görə təklif etdiyi qiymət isə 14-16 milyon dollar olub. Rendolf təklifi müsbət dəyərləndirsə də, şirkətə 2 milyon dollar maya qoymuş Hastinqs bu qiyməti aşağı dəyərləndirib. “Netflix” gəlir gətirmirdi və xərcləri olduqca yüksək idi, lakin şirkətin təsisçiləri onu Bezosa satmaqdan imtina etmək qərarına gəliblər.

Qeyd edək ki, hazırda “Netflix”-in kapitallaşması 127 milyard, “Amazon”-un isə 907 milyard dollardır.

Samirə Məmmədova