bezosa-kompromat-derc-eden-tabloid-100-milyon-dollara-satilacaq

Bezosa kompromat dərc edən tabloid 100 milyon dollara satılacaq

“American Media” şirkəti “National Enquirer” nəşriyyatının satışını elan edib. İnsider.az bu barədə xəbəri “Washington Post”-a istinadla verir.

Nəşriyyatın yeni sahibi Ceyms Koen olacaq. Koenin ailəsi, yeri gəlmişkən, uzun illər “Hudson News Distributors” nəşriyyat evinə və hava limanlarındakı çap məhsulu mağazaları şəbəkəsinə sahib idi.

Məlumata görə, sövdələşmə məbləği təqribən 100 milyon dollar təşkil edir.

“American Media” bir həftə əvvəl “National Enquirer”-i, həmçinin “Globe” və “National Examiner”-i satmaq niyyəti barədə xəbər verib. Belə qərarın səbəbi, “Reuters”-in dediyinə görə, şirkətin Koenlə sövdələşməsindən sonra 355 milyon dollara qədər azalacaq borcları olub. Əvvəlcədən “Pittsburq Pinqvinz” xokkey komandasının həmsahibi Ronald Berkl tabloidə maraq göstərib, lakin yekunda “American Media”-nın onunla danışığı baş tutmayıb.

Məlum olduğu kimi, “National Enquirer”-in rəhbərliyi bu il “Amazon”-un təsisçisi Ceff Bezosla münaqişə edirdi. Tabloid bir neçə gün boyu Bezosun məşuqəsi Loren Sançeslə birgə olan şəkillərini dərc edirdi. Şəkillər hələ Bezosun həyat yoldaşı Makkenzi ilə boşanması barədə elanından öncə çəkilmişdi. Milyarder şəkillərin dərc edilməsini onunla izah edirdi ki, ona məxsus “Washington Post” qəzeti həmişə prezident Donald Trampı tənqid edir, “American Media”-nın direktorlar şurasına isə dövlət başçısına dəstəyini gizlətməyən Devid Peker daxildir.

Bezos “National Enquirer”-in rəhbərliyini şantajda ittiham edirdi. Buna isə tabloidin rəhbərliyi heç bir şantajın olmadığı, şəkillərin isə hüquqi yolla əldə edildiyini bildirmişdilər.  Bir qədər sonra məlum oldu ki, şəkilləri nəşriyyata Sançesin qardaşı 200 min dollar müqabilində satıb.

Qeyd edək ki, ABŞ-da 1926-cı ildə təsis edilmiş “National Enquirer”-i supermarketlərdən olan tabloid adlandırırlar. Nəşriyyat evini 192-ci ildə alan Cenerozo Poup ilk adamdır ki, ağlına mağazalardakı kassaların yanında qəzet piştaxtası quraşdırmaq fikri gəlib. Nəticədə “National Enquirer”-i növbədə duran və rəngarənq şəkillərlə sensasion başlıqların cəlb etdiyi insanlar götürməyə başladılar. Əvvəlcə Poup auditriyanı kriminal xəbərlərlə tovlamağa çalışırdı, lakin sonra məhşurlar barədə xəbərlərə, okkultizm və naməlum uçan obyektlər haqda məqalələrə keçdi.

Samirə Məmmədova