Azərbaycanda tikinti şirkətlərinin qarşısına yeni tələblər qoyulub. Çoxmərtəbəli bina inşa edən sahibkarlar, ərazinin 40, müstəsna hallarda 30 faizində yaşıllıq salmalıdırlar.
İnsider.az bildirir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. O, bildirib ki, bu qayda paytaxtda yaşayış binası inşa edən bütün tikinti şirkətlərinə şamil ediləcək. Məmmədovun sözlərinə görə, indiyədək tikinti şirkətlərinin çoxu yaşayış binası inşa edərkən ərazini yaşıllaşdırmağa maraq göstərməyiblər. Amma bundan sonra tikinti şirkətlərinin hər biri bu tələbə əməl etməli, yəni bina inşa edərkən ərazinin 40, müstəsna hallarda 30 faizində yaşıllıq salmalı olacaqlar".
Şöbə rəisi bildirib ki, bu tələbə əməl etməyən tikinti şirkətlərinə qanunun icrası məcburi olacaq: "Əgər hansısa tikinti şirkəti buna əməl etməyəcəksə, məcburi qaydada yaşıllığın salınması təmin ediləcək".
O.Məmmədov bildirib ki, bu məsələ "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları" nda öz əksini tapıb. Belə ki, bu normalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 68.2-ci maddəsinə uyğun olaraq hazırlanıb və yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarını müəyyən edir:
"Bu normalara görə, yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq ərazinin minimum 40 faizini təşkil etməlidir. Tutaq ki, tikinti şirkəti bina inşa etmək üçün 10 sot torpaq sahəsi alıb. Onun 50 faizində bina inşa edir. 20 faiz də binanın girişi üçün saxlanılır. Yerdə qalan 30 faizdə yaşıllıq salmalıdır. Bu, "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi" normalarında 40 faizdir. Amma müstəsna hal kimi 30 faiz də götürülə bilər. Yeni qayda beş il və daha əvvəl inşa olunmuş binalara aid deyil".
Şöbə rəisi onu da qeyd edib ki, yeni normalara görə, əhalinin məskunlaşdığı məhəllələr yenidən layihələndirilərkən yaşıllıq faizi həmin ərazinin minimum 25 faizini təşkil etməlidir.
@Sputnik.az