bir-texniki-yanlisliga-gore-900-milyon-dollar-itki

Bir texniki yanlışlığa görə 900 milyon dollar itki!

City Bank hələ də pullarını geri ala bilmir.

ABŞ bankları ötən il belə bir acı təcrübə ilə üzləşən  maliyyə nəhəngi City Bankın aqibətini yaşamamaq üçün kredit müqavilələrində yeni hüquqi şərtlər tətbiq edir. Marja xəbər verir ki, ötən ilin avqustunda City Bank əməkdaşının yol verdiyi texniki səhv nəticəsində kosmetik məhsullar istehsalçısı Revlon şirkətinin kreditorlarına 2023-cü ilə qədər hissə-hissə ödənilməli olan 900 milyon dollarlıq vəsaitin hamısı birdən ödənilmişdir.

Revlonun kreditorlarla münasibətlərində kredit agenti kimi çıxış edən City Bank iki yanlışlığa birdən yol vermişdi: həm Revlonun deyil, bankın öz daxili hesablarından vəsait ödəmiş, həm də təkcə kredit faizi (7,8 milyon dollar) əvəzinə bütün kredit məbləğini qaytarmışdır.

Bəzi kreditorlar City-nin yanlışlıq nəticəsində ödənilmiş vəsaitin geri qaytarılması tələbinə əməl etsə də (təxminən 385 milyon dollar City Banka geri qaytarılıb), digərləri, o cümlədən City Bankın əsas müştərilərindən olan Brigade və HPS Investment Partners bunun kreditin qabaqcadan geri ödənişi olduğunu iddia edərək, vəsaitləri qaytarmaqdan imtina edib.

Nyu-York məhkəməsi City Bankın hələ ötən ildən 10-dan artıq şirkətə qarşı qaldırdığı məhkəmə iddiasını rədd edərək, bu il fevralın 17-də çıxardığı qərarda bildirib: “Nyu-York ştatının qanunvericilik sistemində mövcud olan hüquqi istisnaya əsasən, bank hesabına vəsait daxil olan hüquqi şəxs bunun yanlışlıq olduğunu hesab etmirsə və bu barədə vəsaitləri göndərən tərəf rəsmi bildiriş təqdim etməmişdirsə, həmin vəsaitlər üzərində tam hüquqa malikdir”.

Hələ də 500 milyon dollar vəsaiti geri qaytara bilməyən City Bank başda olmaqla Wall Street bankları texniki yanlışlıq nəticəsində ödənilən vəsaitlərin dərhal geri qaytarılmasını tələb etməyə imkan verən hüquqi bəndləri yeni kredit müqavilələrində daxil edirlər. Bir sıra iri şirkətlər, o cümlədən JP Morgan bankının müştəriləri, tikinti materialları istehsalçısı Eagle Materials və sənaye avadanlıqlarını təchiz edən Mesa Laboratories, eləcə də City Bankın müştərisi Petco da analoji maddələri müqavilələrə daxil etməyə başlayıb.

Kredit tədqiqatları şirkəti Covenant Review-in aparıcı analitiki Castin Forlenza qeyd edir ki, 2021-ci il başlayandan etibarən banklar tərəfindən ən azı 10 yanlış ödənişə yol verilmişdir, bunlardan bəziləri də məhkəmə mübahisələri ilə nəticələnir. Bu səbəbdən, müqavilələrə müvafiq bəndlərin salınması belə hallardan və maliyyə itkilərindən qaçınmağa kömək edəcəkdir.