birinci-doza-peyvend-olunanlar-qapali-mekanlara-daxil-ola-bilecekler

Birinci doza peyvənd olunanlar qapalı məkanlara daxil ola biləcəklər

1 oktyabr tarixinədək “CheckApp” mobil tətbiqi üzərindən həyata keçirilən yoxlama zamanı COVID-19 pasportu əldə etmiş vətəndaşlarla yanaşı, immunitet sertifikatı olan və COVID-19 virusuna qarşı 1-ci doza vaksin sertifikatı olan vətəndaşlar da ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə daxil ola bilərlər.

Yoxlanış zamanı COVID-19 pasportunu, 1-ci doza vaksin sertifikatını və immunitet sertifikatını elektron şəkildə təqdim etmək istəyən vətəndaşlar “myGov” şəxsi kabinetlərindən qeyd edilən sənədləri aça və ya telefonuna yükləyərək göstərə bilərlər.

“myGov” mobil tətbiqini “iOS” və “Android” əməliyyat sistemi istifadəçiləri aşağıdakı linklərdən yükləyə bilərlər:

• "Android": https://play.google.com/store/apps/details?id=az.gov.my

• "iOS": https://apps.apple.com/az/app/mygov/id1533956540

Vətəndaşlar COVID-19 pasportu və sertifikatları, həmçinin e-TƏBİB və its.gov.az portalından təqdim edə bilərlər. Bu zaman vətəndaşlar ən yeni sənədin təqdim olunduğuna əmin olmalıdırlar.

Qeyd edək ki, “CheckApp” mobil tətbiqi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb. Mobil tətbiq qurum və müəssisələrin icaze.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərinin istifadəsi üçün nəzərdə tutulub.