ABŞ-ın sutkalıq xam neft istehsalı azalıb.
İnsider.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı əvvəlki həftə ilə müqayisədə 101 min barrel azalaraq gündəlik 12,2 milyon barrelə enib. Lakin bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib. Xam neft istehsalı əvvəlki həftəyə görə Alyaska ştatında 1000 barrel, digər ştatlarda isə 100 min barrel azalıb. Beləliklə də Birləşmiş Ştatların sutkalıq neft hasilatında son 70 həftənin 18-də azalma qeydə alınıb.
Ölkədə gündəlik neftin istehsalı yanvarda 11,9 milyon barrelə, fevralda 12 milyon barrelə, martda 12,2 milyon barrelə, apreldə isə 12,3 milyon barrelə yüksəlib.
Keçən həftə ABŞ-ın neft idxalı da əvvəlki həftəyə görə 721 min barrel azalaraq gündəlik 6,69 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 289 min barrel geriləyərək sutkada 2,32 milyon barrel olub.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,45 milyon barrel, gələn il isə 13,4 milyon barrel təşkil edəcək.
©Azərtac