biznesin-muflislesmesi-isci-qrupunun-novbeti-iclasi-kecirilib

“Biznesin müflisləşməsi” işçi qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupunun 15 may 2024-cü il tarixdə, saat 16:00-da Hilton hotelində növbəti iclası keçirilib.

İclasda Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və nazirlik yanında Dövlət Vergi Xidməti, Mərkəzi Bankın təmsilçiləri, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin və işçi qrupunun rəhbərləri və digər üvləri, Dünya Bankı tərəfindən cəlb olunmuş ekspertlər iştirak edilər.

Tədbirdə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev və “Biznesin müflisləşməsi” işçi qrupunun rəhbəri Ramin Qaraqurbanlı açılış nitqləri ilə çıxış etmiş, “Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Biznesin müflisləşməsi” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin ümumi təqdimatı keçirilmişdir.

İclasda Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası, o cümlədən müflisləşmə sahəsində normativ hüquqi bazanın keyfiyyəti, beynəlxalq məhkəmə qərarlarının tanınması, hakimlərin və vəkillərin ixtisaslaşması, onların biliklərinin artırılması, məhkəmə fəaliyyətinin elektronlaşdırılması, müflisləşmə icraatı (prosedurları) üzrə xidmətlərin qarşılıqlı fəaliyyəti və müvafiq sahədə informasiyanın ictimai əlçatanlığı, kommunikasiya və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Həmçinin “Müflisləşmə və sağlamlaşdırma haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı əmlak inzibatçılarının statusu, səlahiyyətləri, hüquqları və vəzifələri, onların reyestrinin aparılması, prosesdə iştirakı və başqa əlaqəli məsələlər müzakirə olunub, bununla bağlı beynəlxalq ekspertlərin tövsiyələri dinlənilib.

Sonda müzakirə olunan məsələlərlə bağlı maraq doğuran suallara aydınlıq gətirilib.