BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman Tehran hökumətinin Məhkəmə Sistemi tərəfindən ölüm hökmlərinin çıxarılması və icrası hallarının artması ilə bağlı narahatlığını bildirib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, dünən onun İnsan Haqları Şurasının 55-ci iclası üçün hazırladığı hesabatda 2023-cü ildə İranda ən azı 834 nəfərin dar ağacından asıldığı sübuta yetirilib. Hesabata əsasən, bu göstərici ötən illə müqayisədə 43% artım deməkdir.
Cavid Rəhman İranda baş verən etirazlarda insanların özbaşına həbs edilməsinə, işgəncə verilməsinə, tələsik edam olunmasına və ədalətli mühakimə edilməməsinə diqqət çəkib.
“İranın hakimiyyət orqanları tərəfindən vətəndaşların hüquqlarının pozulması ilə bağlı şəffaf araşdırmalar aparılmır. Təəssüf ki, İran xalqının öz fikirlərini ifadə etmək və dinc nümayişlər keçirmək hüquqları əlindən alınıb”, - deyə Cavid Rəhman əlavə edib.