brayza-azerbaycan-avropani-tebii-qazla-planlasdirilandan-daha-cox-temin-edecek

Brayza: “Azərbaycan Avropanı təbii qazla planlaşdırılandan daha çox təmin edəcək”

“Bərpa olunan enerji istehsalının artmasını nəzərə alsaq, Azərbaycan Avropanı təbii qazla planlaşdırılandan daha çox təmin edə biləcək”.

Bu barədə İnsider.az “Report”a istinadən məlumat verir. 

Bunu Atlantik Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

O bildirib ki, Azərbaycan Avropaya təbii qaz tədarükünü iki dəfə artıraraq 10 milyard kubmetrdən 20-yə çatdırmaq istədiyini bəyan edib: "Bu əlavə 10 milyard kubmetr təbii qaz bütün Avropa ölkələrinə satıla bilər. Amma əminəm ki, daha çox həcmlər olacaq. Hesab edirəm ki, Azərbaycan təbii qaz tədarükünü iki dəfə artıra bilər, çünki o, bərpa olunan enerji istehsalını genişləndirir. Azərbaycan nə qədər çox bərpa olunan enerji istehsal edərsə, elektrik enerjisi istehsalı üçün bir o qədər az təbii qazdan istifadə edəcək”.

Ekspert vurğulayıb ki, Azərbaycanın “mavi yanacağı”nın tədarük həcminin artırılmasından ən çox faydalanacaq ölkə Bolqarıstandır: “Bolqarıstanın təbii qaza tələbatı çox deyil. Bu ölkə ildə, təxminən, 3 və ya 3,2 milyard kubmetr təbii qazdan istifadə edir. Hazırda Azərbaycan Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya 10 milyard kubmetr təbii qaz tədarük edir”.

Onun sözlərinə görə, Azərbaycanın bu enerji resursunun tədarükünün artırılmasından bütün Aİ ölkələri faydalanacaq.

M.Brayzanın fikrincə, Ukraynada müharibə başlayandan bəri Azərbaycana 10-dan çox ölkədən həm tədarükləri artırmaq, həm də onlara başlamaqla müraciətlər daxil olub, amma hazırda o, beynəlxalq sərmayələri cəlb etməklə təbii qaz hasilatını artırmağa çalışır.

Sabiq səfir deyib ki, Türkmənistan təbii qazı Azərbaycandan tədarüklərlə birlikdə Avropanın təbii qazla təmin edilməsində böyük rol oynaya bilər: “Hesab edirəm ki, Azərbaycan Avropaya daha 10-15, bəlkə də 20 milyard kubmetr təbii tədarük edə bilər. Bu, çox strateji əhəmiyyətli məqamdır”.