british-airways-iscilerin-tetil-etmesine-qadaga-qoyulmasina-calisir

“British Airways” işçilərin tətil etməsinə qadağa qoyulmasına çalışır

“British Airways”-in rəhbərliyi öz pilotlarının əmək haqqı artımına dair tələblərlə tətil etmələrinə məhkəmə qadağasına nail olmaq məqsədilə Londonun Ali məhkəməsinə müraciət edib. İnsider.az bu haqda “The Guardian” qəzetinə istinadla xəbər verir.

Etiraz aksiyasının lehinə bazar ertəsi Britaniya Aviaşirkətlər Pilotlarının Assosiasiyasının (British Airline Pilots Association, BALPA) 4 min üzvündən 93%-i səs verib. Onlar “British Airways”-in üç il ərzində əmək haqqını 11,5% artırılması haqda təklifini rədd ediblər. Həmkarlar ittifaqının bəyanatına əsasən, işçi heyətinin intensiv işi və sadiqliyi nəticəsində aviaşirkət “olduqca böyük gəlir” əldə edib və onun “daha sağ qalmaq üçün mübarizə aparmadığına” görə pilotların bu gəlirdə pay haqqları var.

“British Airways” isə təyyarəçilərin “tətil və məzuniyyət vaxtı minlərlə müştərinin səyahət planlarını təhlükə altına qoymağa qərar verdiklərindən” məyus olduğunu deyərək, razılığa nail olmaq üçün “BALPA” həmkarlar ittifaqı ilə növbəti danışıqlara hazır olduğunu əlavə edib.

Əgər aviaşirkət qadağanın əldə olunmasına nail ola bilməsə, həmkarlar ittifaqı tətili avqustun 6-na təyin edə bilər.

Samirə Məmmədova