bu-bank-17-milyon-manata-yaxin-zerer-aciqladi

Bu bank 17 milyon manata yaxın zərər açıqladı

"Bank Melli İran" Bakı filialı 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 16 milyon 905 min manat xalis zərər ilə başa vurub. Filial 2019-cu ilin 1-ci rübünü (yanvar-mart dövrünü) 8 milyon 602 min manat zərər ilə bağlamışdı. Beləliklə, ikinci rübdə də "Bank Melli İran" Bakı filialının zərəri artıb.

"Bank Melli İran" Bakı filialı 2018-ci ilin 1-ci yarısını isə 1 milyon 384 min manat xalis mənfəət ilə bağlamışdı.
 
İnsider.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, cari ilin birinci yarısındakı zərər aktivlər üzrə ehtiyatların yaradılmasına 18 milyon 124 min manat ayrılması ilə bağlıdır. Ehtiyat ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılır. 

GƏLİRLƏRİ AZALIB

01.01.2019 - 30.06.2019 dövründə "Bank Melli İran" Bakı filialının faiz gəlirləri 1 milyon 380 min manat, haqq və komissiya gəlirlər isə 74 min manat  təşkil edib. 2018-ci ilin eyni dövründə filialın faiz gəlirləri 1 milyon 480 min manat, haqq və komissiya gəlirlər isə 238  min manat təşkil etmişdi.

BANK KİÇİLİB

2018-ci ilin sonu ilə müqayisədə 6 ay ərzində "Bank Melli İran" Bakı filialının cəmi aktivləri 13 milyon 460 min manat və ya 12,2%  azalaraq 96 milyon 981 min manata düşüb. Aktivlərin 56 milyon 693 min manatını nağd pul vəsaitləri və digər banklardakı müxbir hesablar, 23 milyon 879 min manatını isə qiymətli kağızlara investisiyalar təşkil edib.

Müştərilərə verilmiş kreditlər isə 3 milyon 577 min manatdan 4 miylon 311 min manata yüksəlib (734 min manat və ya 20,5% artıb).

©Marja