“Biz uğurlu startap layihələrinə investisiya dəstəyi üçün lazımi tədbirlər həyata keçirəcəyik. Bununla bağlı Azərbaycan Beynəlxalq Bankının müştəriləri arasından mələk investorlar klubunun formalaşdırılması prosesinə artıq start verilir”.
Bunu Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA İnnovasiyalar Mərkəzinin fəaliyyətinə həsr olunmuş vebinar zamanı Bankın İdarə Heyəti sədrinin müavini, bankın Baş transformasiya inzibatçısı Taleh Tahirli bildirib.
Onun sözlərinə görə, bank bu mərkəz vasitəsilə startaplara personalizə edilməmiş dataya çıxış imkanları yaradacaq. İdeya sahiblərinin müxtəlif investorlarla əlaqəsini təmin edəcək. Özünü təsdiqləmiş startaplara erkən dövrlərdə sürətlə inkişaf edə bilmək imkanı yaradacaq. İdeya müəlliflərinin informasiya texnologiyaları mütəxəssisləri ilə təmin edilməsi də bu mərkəzin əsas üstünlüklərindən olacaq.
T.Tahirli Azərbaycan Beynəlxalq Bankının IBA İnnovasiya Mərkəzinə beynəlxalq təcrübəyə malik konsultantlar da cəlb etdiyini bildirib.