bu-dovlet-rusumlari-asagi-salinir

Bu dövlət rüsumları aşağı salınır 

Azərbaycanda və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri azaldılır.

İnsider.az xəbər verir ki, bu barədə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif edilir.

Qanun layihəsinə əsasən, ümumvətəndaş pasportunun verilməsi üçün dövlət rüsumu 55 dollardan 25 dollara endirilir.

Qayıdış şəhadətnaməsinin verilməsinə görə isə 10 dollar rüsum müəyyən edilir. Qanunun hazırkı variantına əsasən, bunun üçün 40 dollar ödəmək lazımdır.

Vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə rüsumun 150 dollardan 60 dollara endirilməsi təklif olunur.

Nikahın qeydə alınması üçün rüsumun 40 dollardan 10 dollara, adın, soyadın, ata adının dəyişdirilməsi üçün dövlət rüsumunun dərəcələrinin 50 dollardan 20 dollara salınması göstərilir.

Qanun layihəsində digər konsul əməliyyatları üçün də dövlət rüsumunun dərəcələrinin də əhəmiyyətli dərəcədə aşağı salınması qeyd olunur.

Bundan əlavə, dövlət rüsumu tutulmayan məqamların əhatə dairəsi genişləndirilir.

Sənəddə bildirilir ki, bütün təhsilalanlara, diplomatik və ya xidməti pasporta malik, yaxud 18 yaşına çatmayan vətəndaşlara, readmissiya, ekstradisiya edilən, insan alveri qurbanı olan şəxslərə, xarici ölkələrdə ümumvətəndaşlıq pasportunu itirmiş vətəndaşlara dövlət rüsumu tətbiq edilməyəcək.

Lakin ümumvətəndaşlıq pasportunun itirilməsi və ya oğurlanması ilə bağlı xarici ölkənin müvafiq polis orqanı tərəfindən verilmiş təsdiqedici sənəd olması vacibdir.

Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə ediləcək.

Oxu.Az