Bu gün səhər saat 08:00-dan təmir işləri başa çatanadək Bakının Nəsimi rayonu, 20 yanvar və A.Məhərrəmov küçələrində qaz təchizatı dayandırılıb.
Insider.az “Azəriqaz” İstehsalat Birliyin məlumatına istinadən xəbər verir ki, bu müddət ərzində orta təzyiqli yeraltı qaz xətti üzərində quraşdırma işləri aparılacaq.
Saat 09:00-dan etibarən isə Goranboy rayonu ərazisində yerləşən qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı rayon mərkəzi, bir neçə qəsəbə və kənddə də qaz verilişi saxlanılıb. Saat 10:00-dan başlamaqla işlər yekunlaşanadək Şəki, Qax, Zaqatala, Oğuz və Balakən rayonlarının bir hissəsində qaz təchizatı dayandırılacaq. Bu, dövlət sərhədi avtomobil yolunun SOCAR-ın Qaz İxrac İdarəsinə məxsus magistral qaz kəməri ilə kəsişmə yerlərində yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi ilə bağlıdır.
Təmir bərpa işlərinin aparılması məqsədilə saat 10:00-dan etibarən Sumqayıt şəhərinin bir hissəsində də qazın verilişində məhdudiyyətlər tətbiq ediləcək.