bu-gun-14-minden-cox-abituriyent-qebul-imtahani-verib-yenilenib

Bu gün 14 mindən çox abituriyent qəbul imtahanı verib - YENİLƏNİB

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 68 imtahan binası, 1113 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 68 ümumi imtahan rəhbəri, 184 imtahan rəhbəri, 1450 nəzarətçi-müəllim, 140 buraxılış rejimi əməkdaşı, 68 bina nümayəndəsi cəlb edilib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İştirakçıların bədən hərarəti normaya uyğun olub.

10 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin saytına və sosial şəbəkə hesablarına yerləşdiriləcək.

Bu gün saat 16:00-da DİM-in “Facebook” səhifəsi vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm dünən, həm də bu gün keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Abituriyentlər suallarını “Facebook”da yerləşdirilən müvafiq postun altına yaza və ya info@dim.gov.az elektron poçtuna göndərə bilərlər.

İyulun 29-dan etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

05:55

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirəcək.

İmtahanlar 22 şəhər və rayonda - Bakı, Gəncə, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran, Xaçmaz, Naxçıvan, Şəmkir, Sumqayıt, Abşeron, Mingəçevir, Zaqatala, Ağcabədi, Kürdəmir, Sabirabad, Cəlilabad, Masallı, Qubada təşkil olunacaq.

İmtahanlarda 14 min 426 nəfər abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 9 421 nəfər I ixtisas qrupu üzrə sənəd verən abituriyentlərdir.

İmtahanlar saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 151 imtahan binası, 2 544 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 151 ümumi imtahan rəhbəri, 422 imtahan rəhbəri, 3 309 nəzarətçi–müəllim, 308 buraxılış rejimi əməkdaşı, 151 bina nümayəndəsi cəlb edilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.