bu-gun-ehmed-cavadin-dogum-gunudur

Bu gün Əhməd Cavadın doğum günüdür

5 may Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Respublikasının Dövlət himninin sözlərinin müəllifi, tərcüməçi, AYB-nin üzvü olmuş, professor Axundzadə Cavad Məhəmmədəli oğlu - Əhməd Cavadın doğum günüdür.

O, 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil alıb.

Əhməd Cavad Quba Xalq Maarif Şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləyib.

Şerləri 1913-cü ildən çap edilib. Yaradıcılığa lirik şerlə başlayan şairin 1916-cı ildə “Qoşma” adlı ilk kitabı, 1919-cu ildə isə “Dalğa” adlı kitabı nəşr olunub. Mütəfəkkirin məşhur “İstiqlal uğrunda şerlər” kitabı isə 1928-ci ildə İstanbulda buraxılıb.

Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad haqsız olaraq həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb, 1937-ci il cəza tədbirlərinin qurbanı olub.