bu-gun-fed-faiz-qerarini-aciqlayacaq

Bu gün FED faiz qərarını açıqlayacaq

Analitiklər ABŞ FED-in ardıcıl dördüncü dəfə uçot dərəcəsini artıracağını gözləyirlər

İki günlük noyabr iclasında ABŞ Federal Ehtiyat Sisteminin (ABŞ Mərkəzi Bankı, FED) ardıcıl dördüncü dəfə faiz dərəcəsini 0,75 baza bəndi artıraraq 3,75-4% aralığına çatdıracağı gözlənilir.

DailyFX portalının sorğusunda iştirak edən analitiklər belə hesab edirlər. 

FED-in faiz qərarı çərşənbə günü, noyabrın 2-də, Bakı vaxtı ilə saat 22.00-da dərc olunacaq.

Dollar FED-in iclası başa çatmamış zəifləyir

Dolların əsas dünya valyutalarına nisbətdə məzənnəsi ABŞ Federal Ehtiyat Sisteminin iclası başa çatmamış ucuzlaşır. Çərşənbə günü səhər saatlarında dolların digər əsas dünya valyutalarına nisbətdə dəyəri azalıb. İnvestorlar FED-in iclasının nəticələrinin açıqlanmasını gözləyirlər.

Avronun dollara nisbətdə məzənnəsi əvvəlki bağlanışdakı 0,9874 dollardan 0,9889 dollara yüksəlib. Dolların yenə nisbətdə məzənnəsi 148,28 yendən 147,57 yena kimi ucuzlaşıb. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnəsi) 0,23% azalaraq 111,22 bənd təşkil edib.

CME Group-un məlumatına görə, analitiklər 88%-i FED-in  uçot dərəcəsini yenidən 0,75 faiz bəndi artaraq illik 3,75-4%-ə çatacağını gözləyir, qalanları isə 0,5 faiz bənd artım proqnozlaşdırırlar.

Ekspertlər FED-in bundan sonra hansı addımlar atacağı ilə bağlı da proqnoz verirlər. Analitiklərin 48%-i FED-in dekabrda uçot dərəcəsini 4,25-4,5% civarına, 47%-i isə 4,5-4,75% aralığına yüksəldəcəyini nəzərdə tuturlar. 

İnvestorlar tənzimləyicinin bu ilin sonu və gələn il üçün gələcək siyasəti ilə bağlı daha çox ipucu əldə etmək üçün 22:30-da başlayacaq mətbuat konfransında Fed sədri Jerome Powell-in çıxışını izləyəcəklər.

GÜNÜN DİGƏR MÜHÜM MƏLUMATLARI

Bakı vaxtı ilə saat 12.55-də Almaniya Federal Məşğulluq Agentliyi ölkədəki işsizliklə bağlı məlumatları dərc edəcək. Analitiklər oktyabrda bu rəqəmin sentyabr və avqust aylarında 5,5% səviyyəsində qalacağını gözləyirlər.

Bakı vaxtı ilə saat 13.00-da "S&P Global" 19 Avrozona ölkəsinin sənaye istehsalı sahəsində istehsal fəaliyyətinin PMI indeksinin yekun qiymətləndirməsini dərc edəcək. Analitiklər, indeksin sentyabrda 48,4-dən oktyabrda 46,6-ya düşəcəyini gözləyirlər ki, bu da son iki il dörd ayın ən aşağı səviyyəsidir.

Bakı vaxtı ilə saat 16.15-də Automatic Data Processing (ADP) analitik şirkəti oktyabr ayı üçün ABŞ-ın özəl şirkətlərində iş yerlərinin sayında dəyişikliklərlə bağlı məlumatları dərc edəcək. Sentyabrda 208 min artımdan sonra göstəricinin 195 min artacağı gözlənilir.

Bakı vaxtı ilə saat 18.30-da ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası oktyabrın 28-də başa çatan həftə üçün ölkədəki kommersiya neft ehtiyatları (strateji ehtiyat istisna olmaqla) haqqında məlumatları dərc edəcək. Analitiklər hesab edirlər ki, bu rəqəm 0,27 milyon barel artaraq 440,2 milyon barelə çatıb.

Marja