bu-hefte-azerbaycan-muhum-faiz-qerarini-aciqlayacaq

Bu həftə Azərbaycan mühüm faiz qərarını açıqlayacaq

Azərbaycan Mərkəzi Bankının pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə əsasən Bankın İdarə heyətinin növbəti iclası 1 may 2020-ci il tarixində (cümə günü) keçiriləcək və faiz dəhlizinin parametrlərinə dair qərar da həmin gün açıqlanacaqdır.

İnsider.az xəbər verir ki, mayın 1-də Mərkəzi Bankın qəbul edəcəyi qərar mühüm xarakterli olacaqdır. Bu dəfə də faizlərin sabit saxlanılacağına daha çox ehtimal verilir. 

Neftin kəskin ucuzlaşması Azərbaycanda Manat üzərində təzyiqi artırıb, eyni zamanda inflyasaiya bir qədər yüksəlib. İyundan neftin qiymətinin sabitləşəcəyinin gözlənilməsi və inflyasiyanın yüksəlməsinə baxmayaraq Mərkəzi Bankın 4-6% aralığından aşağı olması ilə əlaqədar olaraq 1 Mayda da Mərkəzi Bank  gözləmə mövqeyi tuta bilər. 

2020-ci ildə Mərkəzi Bankın İdarə Heyətinin artıq 2 dəfə iclası keçirilib. 31 Yanvar 2020-ci il tarixində keçirilmiş iclasda Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 25 baza bəndi azaldılaraq 7.5%-dən 7.25%-ə endirilməsi haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyənləşdirilmişdi. (9% və 5.5%).

19 mart 2020-ci il tarixində keçirilmiş iclasda isə Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı həddi 9% saxlanılmaqla aşağı həddi 6.75%-ə qaldırılmışdı. Mərkəzi Bank İnflyasiya risklərinə görə uçot dərəcəsini dəyişməz saxlamışdı.

“Bu qərar başlıca olaraq İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə qlobal mühitdə baş verən əhəmiyyətli dəyişikliklər və onun təsiri altında yaranmış qeyri-müəyyənliklər nəzərə alınmaqla qəbul edilmişdir”,- Mərkəzi Bankın açıqlamasında bildirilmişdi.

"İNDİKİ VƏZİYYƏTƏ GÖRƏ BU, DÜZGÜN ADDIMDIR"

Aprelin 14-də  2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan iclasda  Prezident İlham Əliyev bildirmişdi: "Hesab edirəm ki, faiz dərəcələrinin sabit saxlanması da çox müsbət addımdır, o qədər də asan məsələ deyil. Çünki neftin qiymətinin kəskin düşməsi, iqtisadi fəallığın azalması istər-istəməz faiz dərəcələrinin artımını şərtləndirirdi. Ancaq son aylar ərzində faiz dərəcələri ardıcıllıqla aşağı düşür. Ona görə siz bu dərəcələri indi də sabit saxlayırsınız. Hesab edirəm ki, indiki vəziyyətə görə bu, düzgün addımdır".

"FAİZ DƏRƏCƏLƏRİNİ ARTIRMAQ POTENSİALI MÖVCUDDUR"

İclasda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov demişdi: "Monetar siyasətdə monetar sabitlik problematikası, yəni əhalinin əmanətləri, hüquqi şəxslərin depozitlərini bank sektorunda saxlaması, onların qaçışının qarşısının alınması istiqamətində təbii ki, biz faiz dərəcəsi ilə bağlı dilemma qarşısında idik. Lakin bütövlükdə iqtisadiyyatda olan situasiya tələb edirdi ki, biz faiz siyasətini yumşaldaq. Belə bir şəraitdə biz bir növ gözləmə mövqeyi tutaraq faiz dərəcəsini nə artırdıq, nə də azaltdıq. Təbii ki, hadisələri izləyirik, düşünürük ki, faiz dərəcələrini artırmaq potensialı mövcuddur. Lakin artıq Sizin çıxışınızda qeyd etdiyiniz kimi, biz situasiyanı izləməliyik və yaranmış situasiyada operativ və dəqiq cavab verəcəyik".

Elman Rüstəmov qeyd etmişdi ki, indi ən mühüm məsələ qeyri-müəyyənlikdir: "Heç kim bilmir bu hadisələr nə qədər davam edəcək, bunun təsiri nə olacaq. Beynəlxalq təşkilatlarda ciddi bədbin proqnozlar var və bu proqnozlara, yəni biz hər şeyə hazır olmalıyıq və buna uyğun öz resurslarımızla manevr edərək siyasət reaksiyaları yaratmalıyıq".

İNFLYASİYA MƏRKƏZİ BANKIN HƏDƏF ARALIĞINDAN AŞAĞIDIR

Mərkəzi Bankın sədri bildirmişdi ki, inflyasiya bir qədər artsa da hələ də hədəf aralığından aşağıdır: "Bu, onunla əlaqədardır ki, karantin şəraitində insanların istehlak fəallığı bir qədər artdı, onlar müəyyən ehtiyatlar yaratdı. İnflyasiya bir qədər artsa da, bizim rəsmi proqnozlardan, təxminən 4 - 6 faizlik proqnozdan hələ aşağıdır".

Üç ayın yekunlarına görə inflyasiya 3 faizə çatıb.

Xatırladaq ki, 2017-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi 15% səviyyəsində idi. 2018-ci ilin Fevral ayında uçot dərəcəsi 13%ə, Aprel ayında 11%-ə, İyul ayında 10%-ə, Oktyabr ayında 9,75%-ə endirildi. Uçot dərəcəsi 2019-cu ilin Fevral ayında 9,25%-ə, Mart ayında 9%-ə, Aprel ayında 8,75%-ə, İyun ayında isə 8,5%-ə, İyul ayında 8,25%-ə, Sentyabr ayında isə 8%-ə, Oktyabr ayında 7,75%-ə, Dekabr ayında isə 7,50%-ə salındı. 

UÇOT DƏRƏCƏSİ NƏDİR?

Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması pul bazarında real faiz dərəcələrinə təsir edir. Aşağı faiz milli valyutada yığımları (əmanət yerləşdirməyi) deyil, xərcləməyi stimullaşdırır.

Məlumat üçün bildirək ki, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.

​Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.

Marja