Bu ilin I yarısında Azərbaycanda sahibkarlara 1 130 lisenziya verilib ki, bunun da 568-i yeni, 562-si isə müddətsiz lisenziyalarla əvəzetmə olub.
İnsider.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə İqtisadiyyat Nazirliyi “ASAN xidmət” mərkəzləri vasitəsilə 2 noyabr 2015-ci il tarixindən 1 iyul 2019-cu il tarixinə qədər sahibkarlara 7 900-dan çox lisenziya verib. Ötən ilin martında yaradılmış “Lisenziyalar və icazələr” portalı isə 1 100-dən çox elektron lisenziya verilib.
İnvestisiya təşviqi sənədinin iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli mexanizm olduğunu qeyd edən Şahin Mustafayev bildirib ki, I yarımildə dəyəri 449 milyon manatdan çox olan layihələr üzrə 50 investisiya təşviqi sənədi verilib: “Layihələrin 58%-i sənaye, 34%-i kənd təsərrüfatı, 8%-i isə turizm sahələrini əhatə edir. Özəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması üçün bu ilin birinci yarımilliyində sahibkarlığın güzəştli kreditləşdirilməsi davam etdirilib. 6 ayda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların maarifləndirilməsi, nümunəvi investisiya layihələrinin təqdim olunması, güzəştli kreditlərin verilməsi ilə bağlı 1500 sahibkarın iştirakı ilə 12 işgüzar forum keçirib, müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 178 milyon manat olan 510 investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatadək güzəştli kredit verib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1 265 yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 68%-i aqrar sektorun, 32%-i sənaye istehsalı və emalının, eləcə də 44%-i regionların, 56%-i isə Bakı qəsəbələrinin payına düşür".
Report