“2022-ci ildə əhalinin nominal gəlirlərinin 20%-i üstələyən artımının ardınca cari ildə növbəti sosial islahat paketinin reallaşması və kredit aktivliyi məcmu tələbin əsas komponenti olan istehlakı əhəmiyyətli artıra bilər”.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bildirilib ki, 2022-ci ilin dekabrında illik inflyasiya 14,4% olub ki, bu da 2022-ci ildə müşahidə edilən pik səviyyə (sentyabr ayında 15,6%) ilə müqayisədə cəmi 1,2 faiz bəndi azdır:
“İnflyasiyanın əsas struktur komponenti olan ərzaq inflyasiyası 19% olmaqla yüksək olaraq qalır. İstehsalçı qiymətləri (dekabrda illik artım kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi üzrə 10,2%, qeyri-neft sənaye qiymətləri indeksi üzrə 10,6% olub) və idxal qiymətləri (noyabrda illik idxal qiymətlərinin artımı 23,4% olub) indekslərinin artım templəri ikirəqəmli səviyyədədir.
İnflyasiya gözləntilərinin həssaslığı da inflyasiya riskləri sırasındadır. 2022-ci ilin dekabrında keçirilən sorğuların nəticələrinə görə inflyasiya tempinin yüksələcəyini gözləyən ev təsərrüfatlarının payı 2 faiz bəndi artaraq 22%-ə yüksəlib. Ümumilikdə illik inflyasiya azalmaya meyil göstərsə də, onun proqnozlaşdırılan səviyyəsi hədəf göstəricisini üstələməkdə davam edir. Yenilənmiş proqnozlara görə, baza ssenari üzrə fərziyyələr sabit qalarsa, 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı gözlənilir”.
“İnflyasiya mühitində qeyd olunan risklərə reaksiya olaraq Mərkəzi Bank monetar şərait vasitəsilə inflyasiyanı azaltmağa çalışır. 2022-ci ilin sentyabrından başlayaraq yeni pul siyasəti alətlərinin tətbiqi nəticəsində həm təminatlı, həm təminatsız banklararası bazarda ilk dəfə olaraq qısamüddətli faizlər Mərkəzi Bankın faiz dəhlizinin parametrlərinə reaksiya verməyə başlayıb. Mərkəzi Bankın notları və dövlət qiymətli kağızları üzrə gəlirlilik səviyyəsində də adekvat reaksiya müşahidə edilir.
Sterilizasiya əməliyyatlarının effektivliyini yüksəltmək üçün Mərkəzi Bank not hərraclarının şərtlərinə müntəzəm yenidən baxır. Pul siyasətinin sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi 2022-ci ildə manatla pul bazasının artım tempini 10,2 faiz bəndi azaldaraq 12,1%-ə endirib. Qeyd edək ki, ilin son ayında pul təklifinin artım tempinin yüksəlməsi əsasən fiskal əməliyyatlarla bağlı olub. Ötən il məcburi ehtiyatlar üzrə normaların qaldırılması və müvafiq makroprudensial tələblərin sərtləşdirilməsi kredit aktivliyinin məhdudlaşmasına imkan verib.
Nəticədə 2022-ci ildə istehlak portfeli üzrə orta aylıq artım tempi iyul ayından sonra 2,3%-dən 1,6%-ə azalıb. Faiz dəhlizinin maliyyə sistemindəki faizlərə təsirinin gücləndirilməsi və bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması məqsədilə məcburi ehtiyat normalarına dair yeni qərar qəbul edilib. Qərara alınıb ki, 2023-cü ilin fevral ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun saxlasınlar”, - deyə AMB-dən qeyd edilib.