bu-ilin-ilk-yarisinda-azerbaycana-gelen-ecnebilerin-sayi-6-5-artib

Bu ilin ilk yarısında Azərbaycana gələn əcnəbilərin sayı 6,5% artıb

Bu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1,4 mln-a çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 86 min və ya 6,5% çoxdur.

İnsider.az Dövlət Turizm Agentliyinə istinadən verdiyi məlumata görə, gələnlərin böyük hissəsini 29,4%-lə Rusiya (414 min), digər böyük hissəsini isə 24,3%-lə Gürcüstan (342 min) vətəndaşları təşkil edib. Gürcüstan üzrə artım 22.8% və ya 64 min nəfər olub.

Qeyd edək ki, bu iki ölkədən gələn qonaqların sayı ümumi gələnlərin 50%-dən çox hissəsini təşkil edib.

Türkiyədən gəlmiş qonaqların sayı 3,7% artaraq 148 minə çatıb. Cənubi və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında yenə də sürətli artım müşahidə olunur – artım ilin ilk yarısı üçün uyğun olaraq 37,8% və 50,2% olub.

Azərbaycan üçün Cənubi Asiyanın əsas turizm bazarları Hindistan (27 min; 80,2% artım) və Pakistan (19 min; 24,4% artım), Mərkəzi Asiyada isə Qazaxıstan (20 min; 15,1% artım) və Türkmənistandır (21 min; 85% artım).

Səudiyyə Ərəbistandan gələnlərin sayında isə təxminən 80% artım müşahidə olunur ki, bu da 15 min nəfər artımla 34 mindən çox xarici vətəndaş deməkdir.

2019-cu ilin iyun ayında gələnlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub – bu artım 17,2% təşkil edib.

Bu tendensiya özünü Azərbaycan turizmi üçün xarakterik olan bütün ölkələr üzrə göstərib.

©APA