bu-qurumun-selahiyyetleri-artirildi

Bu qurumun səlahiyyətləri artırıldı

Azərbaycan Dövlət Tərcümə Mərkəzinə tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək səlahiyyəti verilib.

İnsider.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi”ndə dəyişikliklər edib.

Bu dəyişikliklərə görə, Azərbaycan Dövlət Tərcümə Mərkəzi fəaliyyət istiqamətləri ilə bağlı qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir, tərcümə sahəsində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində iştirak edir, Azərbaycanın beynəlxalq müqavilələri ilə tənzimlənən və Mərkəzin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir.

Nizamnamədə Mərkəzin vəzifələri sırasına yeni bəndlər də əlavə edilib.

Bu əlavəyə uyğun olaraq, Mərkəz kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir, əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görür, Mərkəzin informasiya təminatını təşkil edir və onun təhlükəsizliyini təmin edir.

Sənədə edilən yeni əlavəyə görə, mərkəzin fəaliyyət istiqamətləri üzrə beynəlxalq müqavilələrə Azərbaycanın tərəfdar çıxması barədə təkliflər vermək, fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq, əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək hüququ var.

Nizamnamədə mərkəzin idarəolunması ilə bağlı bölməyə də əlavələr edilib. Buna uyğun olaraq, Tərcümə Mərkəzinin İdarə Heyəti Mərkəzin fəaliyyətini təşkil edir və ona nəzarət edir, Mərkəzin əməkhaqqı fondunu və işçilərin əməkhaqlarını təsdiq edir, Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirir.