Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) aqrar sahədə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi məqsədilə “Rabitəbank”la əməkdaşlıq edəcək.
KOBİA-nın yaydığı məlumata görə, bu əməkdaşlıq Dünya Bankı və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi” çərçivəsində həyata keçiriləcək. “Rabitəbank” layihənin agent bankıdır.
Layihənin əsas məqsədi kənd təsərrüfatı mallarının emalına, satış və istehsalına maliyyə dəstəyi göstərməkdir. Bu sahədə həyata keçiriləcək layihələr üçün ilkin olaraq 3 milyon ABŞ dolları həcmində kredit ayrılıb. Layihə çərçivəsində götürüləcək kreditin müddəti 7 il, kredit faizi isə 8,8%-dir.
KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB dostları layihə barədə mütəmadi olaraq mikro, kiçik və orta sahibkarları məlumatlandıracaq, onlara informasiya və məsləhət xidmətləri göstərəcək, aqrar sahədə öz biznesini qurmaq və genişləndirmək üçün Agentliyə maliyyə dəstəyi üçün müraciət edən sahibkarları bankla əlaqələndirəcəkdir. Bundan başqa, KOBİA-nın əlaqələndirməsi ilə layihə çərçivəsində kredit götürmək üçün banka müraciət edəcək sahibkarlara biznes kreditlərinə 1% güzəşt olunacaqdır.
Marja