bu-sexslere-birdefelik-maddi-yardimlarin-odenisine-baslandi

Bu şəxslərə birdəfəlik maddi yardımların ödənişinə başlandı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 23 aprel 2019-cu il tarixli Sərəncamının icrası olaraq qeyd olunan vətəndaşların birdəfəlik maddi yardımla təmin edilməsi üçün maliyyələşmə işləri artıq həyata keçirilib.  

İnsider.az xəbər verir ki, birdəfəlik maddi yardımların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin vətəndaşların  pensiya üzrə plastik kart hesablarına köçürülməsi prosesi aparılır. Artıq respublikamızın şəhər və rayonlarının böyük əskəriyyəti üzrə birdəfəlik maddi yardımların onların bank hesablarına köçürülməsi təmin edilib və gün ərzində bu prosesin tam başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki,  İkinci Dünya müharibəsi iştirakçılarının hər birinə 1000 (min) manat məbləğində birdəfəlik maddi yardım ödənilir.

Həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçıları isə hər biri 500 (beş yüz) manat məbləğində olmaqla birdəfəlik maddi yardımla təmin edilir.