Azərbaycanda Sığortalıların Elektron Mərkəzi Məlumat Sistemi yaradılacaq.
İnsider.az xəbər verir ki, Maliyyə Bazalarına Nəzarət Palatasının (Palata) Sığorta Fəaliyyətinə nəzarət departamentinin Qeyri-həyat sığorta infrastrukturuna nəzarət idarəsinin rəisi Firdovsi Ağaşirinov bildirib ki, Sığortalıların Elektron Mərkəzi Məlumat Sisteminin formalaşdırılması ilə bağlı həyata keçiriləcək layihə böyük həcmli və geniş əhatəli olduğundan layihənin icra müddəti Tədbirlər Planına əsasən 2019-2021-ci illəri əhatə edir.
Sığortalıların Elektron Mərkəzi Məlumat Sistemi sığorta sektorunda mövcud olan bütün sığorta şirkətlərinin müştərilərinin – sığortalıların qüvvədə olan və müddəti bitmiş sığorta polisləri, baş vermiş sığorta hadisələri, sığorta tarixçələri ilə bağlı məlumatlarını özündə ehtiva edən vahid elektron məlumat bazasıdır.
“Reyestrin yaradılmasında məqsəd sığortalılar haqqındakı müəyyən məlumatların vahid mərkəzi reyestrdə yerləşdirilməsi, bu yolla hər hansı bir növ üzrə sığorta məhsulunu əldə etmək üçün müraciət edən şəxsin sığorta tarixçəsinin olub- olmaması, olduğu halda həmin şəxsin müştəri profili, ödəmə qabiliyyəti və icra intizamı, sığorta hadisələrinin həmin şəxsə münasibətdə hansı tezlikdə baş verməsi ilə bağlı məlumatların (riskin dərəcəsinin) digər sığortaçılarla paylaşılması, şəxsin müştəri profilinə müvafiq olaraq sığorta haqqı və sığorta ödənişi müəyyənləşdirilməsi və yaranmış hər hansı sui-istifadə və dələduzluq hallarından digər sığortaçıların xəbərdar olmasının təmin edilməsi, bununla da, bu kimi halların qarşısının alınması və sığorta sektoruna olan etimadın artırılmasından ibarətdir.
Azərbaycanda belə bir vahid mərkəzi reyestr olmadığına görə sığorta şirkətləri digər şirkətlərin müştəri profillərindən xəbərsiz olurlar. Bu isə sui-istifadə ilə məşğul olan müştərilərin bu kimi fəaliyyətlərinə geniş şərait yaradır. Eyni cür “qurulmuş” sığorta hadisəsi nəticəsində müxtəlif sığorta şirkətlərindən sığorta ödənişi tələb edilməsi halları belə bir sistemin yaradılmasını zəruri edir. Sistem həmçinin sığortalılarında mənafeyinə xidmət edəcəkdir. Belə ki, heç bir zaman sığorta hadisəsi olmayan sığortalı ilə riski böyük olan sığortalı arasında hal-hazırda heç bir fərq mövcud deyil (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası istisna olmaqla). Bu sistem vasitəsilə sığorta hadisəsi olan sığortalı barədə bütün sığorta sektoru məlumatlı olacaq və sığorta riskləri düzgün qiymətləndiriləcəkdir. Nəticədə həm sığortalılar, həm sığortaçılar, həm də maliyyə sektoru fayda əldə edəcəkdir”,- Firdovsi Ağaşirinov bildirib.
© Report