Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
İnsider.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin ötən prosesdə verdiyi vəsatətlərlə bağlı qərar elan edilib.
Məhkəmə "Beynəlxalq Bank"ın Müşahidə Şurasının üzvü olmuş Vəli Kərimovun dindirilməsi ilə bağlı vəsatəti təmin etməyib.
Qazaxıstanın Ədliyyə Nazirliyinə sorğu göndərilərək kredit öhdəliyinin yerinə yetirilməməsinə görə Beynəlxalq Bankın nəzarətinə keçən "Minay" şirkəti ilə bağlı məlumatlar alınması barədə vəkillərin vəsatəti də təmin olunmayıb.
Prosesdə təqsirləndirilən Dünyamin Xəlilovun vəkili Əsli Məmmədovadan imtina edərək dövlət hesabına vəkil təyin olunmasını xahiş edib.
Daha sonra vəkillər bildiriblər ki, 2015-ci ilin iyununda Beynəlxalq Bankın problemlərinin həlli məqsədilə yaradılan və bu iş üzrə zərərçəkən qismində tanınan "Aqrarkredit" QSC istintaq zamanı C.Hacıyev və digərlərinə qarşı 4 milyard 138 milyon manat mülki iddia qaldırsa da, qaytarılmayan iddia məbləğində kreditlərə görə müsadirə olunmuş əmlaklar nəzərə alınmayıb.
"Aqrarkredit" QSC-nin nümayəndəsi mülki iddianın məbləğini bir daha dəqiqləşdirməkdən ötrü məhkəmədən vaxt istəyib.
Proses iyulun 22-də davam edəcək.
Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Aplyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.
© Report