Vergilər Nazirliyi “Cari vergi ödəmələrinin hesablanması haqqında” arayış forması və “Cari vergi ödəmələrinin hesablanması haqqında” arayışın tərtib edilməsi qaydasını təsdiq edib. Yeni qaydalar və arayış forması 2019-cu il oktyabrın 1-dən qüvvəyə minəcək.
İnsider.az xəbər verir ki, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən verilən məlumata əsasən, “Cari vergi ödəmələrinin hesablanması haqqında” arayış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən tərtib olunmaqla təqdim edilir. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə ödədikləri üçün onlar tərəfindən dövlət vergi orqanlarına arayış təqdim edilmir.
Qaydaya əsasən, vergiödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin iki mümkün metodundan birini seçir və hər il aprelin 15-dək bu barədə vergi orqanına məlumat verməlidir. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir.
Cari vergi ödəmələri vergi ili üçün vergiödəyicisindən tutulan verginin məbləğinə aid edilir.
Əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılan və fəaliyyət göstərən vergiödəyicilərinin cari vergi ödəmələri aşağıda göstərilən qaydada həyata keçirilir.
Mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır; cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır, rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələri aparılmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə arayış vergi orqanına təqdim edilməlidir.
Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.