cenub-qaz-dehlizi-qsc-nin-reytinq-proqnozu-musbet-e-yaxsilasdirilib

“Cənub Qaz Dəhlizi” QSC-nin reytinq proqnozu “müsbət”ə yaxşılaşdırılıb

“Moody’s İnvestor Service” beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi”QSC-nin xarici valyutada olan təmin edilməmiş üstün reytinqi üzrə uzunmüddətli reytinqini “Ba2” səviyyəsində təsdiq edib.

Agentliyin məlumatına görə, reytinq üzrə proqnoz “stabil”dən “müsbət”ə yüksəldilib.

CQD-nin reytinqi üzrə proqnoz ölkə üzrə reytinq proqnozu ilə eyni vaxtda dəyişdirilib.

CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

CQD ilə ildə 16 milyard kubmetr həcmində qazın ixrac edilməsi nəzərdə tutulub. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayından başlanılıb. “Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Avropaya ixrac illik ötürmə qabiliyyəti 10 milyard kubmetr təşkil edən Trans-Adriatik qaz kəməri (TAP) ilə həyata keçirilir.

2021-ci ildə CQD ilə Azərbaycandan Avropaya 5 milyard kubmetrdən çox qaz nəql olunacaq.