ceyhun-bayramov-nato-bas-katibinin-muavini-ile-gorusdu

Ceyhun Bayramov NATO Baş katibinin müavini ilə görüşdü

Bu gün Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov NATO-nun mənzil-qərargahında NATO baş katibinin müavini Mirça Ceoana ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə NATO-Azərbaycan tərəfdaşlığının aktual məsələləri, gələcək inkişaf perspektivləri, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xarici işlər naziri Azərbaycan - NATO tərəfdaşlığının bir sıra istiqamətləri üzrə əldə edilmiş nəticələrdən məmnunluq ifadə edib. Ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına dəstəyi kontekstində NATO əməliyyatlarına töhfələri məsələsinə toxunub. Nazir Vətən müharibəsi nəticəsində işğaldan azad etdiyimiz ərazilərdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri barədə NATO rəsmisinə məlumat verib. Torpaqların işğalı amilinin aradan qaldırılması xüsusunda, Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğu vurğulanıb.

NATO tərəfi Azərbaycanın müdafiə islahatları və NATO missiyalarına töhfələrini yüksək qiymətləndirib. Baş katibin müavini Azərbaycana alyans ilə tərəfdaşlığa görə, xüsusilə də Əfqanıstanda həyata keçirilən əməliyyatda iştirakına görə təşəkkürünü bildirib.

Tərəflər Sülh Naminə Tərəfdaşlıq Proqramının məqsəd və prinsiplərinə uyğun olaraq, siyasi dialoq və praktiki əməkdaşlığın davam etməsinə dair hazırlıqlarını ifadə ediblər.