“İşğal dövründə şəhər və kəndlərimizin yerlə bir olunmasına baxmayaraq, torpaqlarımızın azad edilməsindən dərhal sonra Azərbaycan Prezidenti sülh çağırışı etdi, düşmənçilik səhifəsinin üzərindən keçərək sülh müqaviləsi üzərində işləməyə Azərbaycan tərəfinin hazırlığını bildirdi”.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, sülh istiqamətində son üç il ərzində atılan bütün addımlar Azərbaycan tərəfindən edilib:
“Ancaq biz şahid olduq ki, üç il ərzində Ermənistan və onun qurduğu qurama təsisatlar bir qədər özlərinə gələndən sonra himayədarlarının dəstəyi ilə Azərbaycan tərəfindən uzadılan əli geri itələdi, yenə siyasi və hərbi təxribatlara üz tutdu. Xüsusən ərazimizdə ağır silahlarla silahlanmış ordu saxladı və onun ərazimizdən çıxarılmasına qarşı çıxdı. Daha sonra biz siyasi təxribatların, “müstəqillik günləri”nin qeyd edilməsi, “seçki” keçirilməsinin şahidi olduq. Nəhayət, hərbi təxribat nəticəsində altı nəfər insanımızı itirdik və altı nəfər də yaralandı.
Azərbaycanın çağırışları nəticə vermədiyi üçün antiterror tədbirləri keçirməyə məcbur oldu və dünya da gördü ki, ordumuz heç bir mülki obyekti hədəf almadan separatçıları zərərsizləşdirdi. Nəticədə qurama rejim təslim olaraq Azərbaycanın legitim tələblərini qəbul etməyə vadar oldu. Prezidentimizin dediyi kimi, əgər üç il əvvəl Azərbaycan öz ərazi bütövlüyü bərpa etmişdisə, 20 sentyabr tarixində öz suverenliyini tam bərpa etdi”.
APA