cimerlikler-cezalar-teleb-olunan-odenis-icra-hakimiyyetinden-aciqlama

Çimərliklər, cəzalar, tələb olunan ödəniş – İcra Hakimiyyətindən açıqlama

“Çimərlik mövsümü gələn aydan açılır. Hər il olduğu kimi, bu il də bununla bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərliklərdə dəniz suyunun təmizliyini yoxlayıb rəy verilməsinə başlanılıb”.

Bu sözləri İnsider.az- a açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov çimərlik sezonunun açılışı ilə əlaqədar maraqlı məqamlardan danışarkən deyib. O, gigiyena və epidemiologiya mərkəzinin çimərliklərdə dəniz suyunun təmizliyini yoxlayıb rəy verdikdən sonra çimərlik sezonunun dəqiq tarixinin elan ediləcəyini bildirib. 

İsrafil Kərimov həmçinin hansı çimərliklərin pulsuz olmasını da açıqlayıb: “Bakı şəhər İcra Hakimiyyətinin artıq neçə illərdir çimərliklərin pulsuz olması ilə bağlı tələbi var. İstər boş ərazilərdə olan çimərliklərə, istər sahibkarlar tərəfindən istirahət yerləri yaradılmış obyeklərin ərazisində olan çimərliklərə giriş pulsuzdur. Dövlət çimərliklərində, ümumiyyətlə, heç bir haqq tələb edilmir. Özəl çimərliklərdə isə təqdim olunan xidmət vasitələrindən istifadə ödənişlidir. Həmin ödənişlər yerinə görə sahibkarın özü tərəfindən müəyyən olunur. Həmin sahibkarların təmin etdiyi vasitələrin məbləği öncədən istifadəçiyə elan edilir və ya hamının görəcəyi şəkildə plakat ilə təşkil edilir. Dövlət tərəfindən avadanlıq verilən çimərlik yoxdur. Hansı çimərlikdən asılı olmayaraq hər bir vətəndaşın öz lazımı avadanlıqlarını aparıb çimərlikdə istifadə etmək haqqı var. İstər çimərlik çətiri, istər çimərlik taxtı, istərsə də hər hansı başqa lazımi əşyaları özü ilə aparıb istədiyi yerdə istifadə etməsinə heç kim mane ola bilməz”. 

Mətbuat sözçüsü vətəndaşların sezon açılmadan öncə də çimərliyə gedənlərə heç bir cərimə nəzərdə tutulmadığını, xalqın təbii sərvətindən vətəndaşın istifadə etmək hüququ olduğunu qeyd edib. 

O, cərimənin əsasən ətraf mühitə zərər verənlərə, suyu və çimərlik ərazilərini zibilləyənlərə edildiyini vurğulayıb.

“Təmizliyi pozub, ərazini zibilləyənlərə qarşı hüquq mühafizə orqanları qanunvericiliyə əsasən cərimələyərək ölçü götürürlər. Bununla bağlı nəzarət hüquq mühafizə orqanlarına aiddir”.

Nübar Lətifli