Çin sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinə Ukraynada nüvə silahından istifadə etməmək barədə xəbərdarlıq edib.
Bu barədə “Financial Times” öz mənbələrinə istinadən xəbər verir.
Bildirilir ki, Si Cinpin bu barədə mart ayında Moskvaya səfəri zamanı onunla şəxsi söhbəti zamanı danışıb. Çin rəsmiləri Putini Ukraynaya qarşı nüvə silahından istifadə etmək barədə üstüörtülü hədələrdən əl çəkməyə özlərinin inandırdıqlarını iddia edirlər. Həmçinin, onların sözlərinə görə, Moskva görüşündən sonra Rusiya və Çinin birgə bəyanatında yer alan bu cür silahlardan istifadənin yolverilməzliyi haqqında bənd Pekinin təkidi ilə əlavə edilib.
Mənbədən o da bildirilib ki, Rusiya prezidentini nüvə silahından imtina etməyə inandırmaq səyləri ÇXR-in Avropa İttifaqı (Aİ) ilə əlaqələri bərpa etmək kampaniyasının mərkəzi hissəsinə çevrilib. Belə ki, Moskvanın Ukraynaya və ya onun Avropalı müttəfiqlərindən birinə qarşı nüvə zərbəsi Aİ-nin Çinə qarşı olması riskini daşıyır, ancaq Pekinin bu məsələdə Kremlə davamlı təzyiqi Avropa ilə münasibətlərin yaxşılaşmasına kömək edə bilər.
Oxu.Az