cinden-getirilen-mallarin-qiymetinin-artmasi-ile-bagli-melumatlara-dgk-den-munasibet

Çindən gətirilən malların qiymətinin artması ilə bağlı məlumatlara DGK-dən münasibət

"Bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarda ölkə ərazisinə Çindən idxal edilən bəzi malların qiymətlərinin gömrük orqanları tərəfindən artırıldığı, dolayısı ilə "Binə" və "Sədərək" ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarların fəaliyyətinə problemlər yaradıldığı iddia edilir. Belə ki, həmin media qurumlarına açıqlama verən sahibkarlar daşıma qiymətlərinin artırıldığını, "karqo" adlandırdıqları şirkətlərə bununla bağlı ünvanladıqları müraciətlərinə isə artımın gömrük orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində baş verdiyinə dair cavab aldıqlarını bildirirlər. Dövlət Gömrük Komitəsi bildirir ki, sahibkarlar ölkə ərazisinə idxal etdikləri malın daşınması prosesində istənilən daşıyıcı şirkətlə, biznes fəaliyyətlərinə uyğun qiymətlərlə razılaşa bilərlər". 

“Eyni zamanda bildiririk ki, malların idxalı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər də bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. Təsnifatda gömrük rüsumları "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq advalor, spesifik və kombinə gömrük rüsum dərəcələrinin növlərinə bölünür.

Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, spesifik və advalor rüsum dərəcələrinin növlərində, müvafiq olaraq, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Bu baxımdan gömrük ödənişlərinin kub metrə uyğun hesablanması ilə bağlı söylənilən fikirlər mövcud qanunvericiliyə görə əsassızdır.

Son zamanlar gömrük orqanlarında həyata keçirilən islahatlar hesabına şəffaflığın təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi istiqamətində atılan addımlar idxal-ixrac əməliyyatları zamanı gömrük ödənişlərindən yayınmağa çalışan bəzi sahibkarları qane etməyə bilər. Lakin gömrük orqanlarının fəaliyyətində şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin edilməsi hər zaman rəhbər tutulacaq və qanuni fəaliyyət göstərən sahibkarlara münbit şərait yaradılmaqla yanaşı, qanunlara məhəl qoymayanlara qarşı da qətiyyətli tədbirlər görüləcək”, Dövlət Komitəsindən bildirilib. 

Report