covid-19-pandemiyasinin-mehmanxanalarin-gelirlerine-tesiri-hesablanib

COVID-19 pandemiyasının mehmanxanaların gəlirlərinə təsiri hesablanıb

2020-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 71,6 faiz azalaraq 94,9 milyon manat olub.

Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, bunun 58,9 faizi nömrələrin təqdim olunması üzrə xidmətlərdən, 29,6 faizi ictimai iaşə xidmətlərindən, 2,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,6 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2020-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 7 faiz səviyyəsində olub. 2019-cu ilin yanvar-sentyabr aylarında bu 23,6 faiz səviyyəsində idi.

Bu göstərici Beyləqanda 24 faiz, Naftalanda 17,3 faiz, Qəbələdə 13,3 faiz, Şabranda 12,1 faiz, Qubada 11,2 faiz, Bakıda 10 faiz, Biləsuvarda 9,7 faiz, Qusarda 9,6 faiz, Göyçayda 9,3 faiz, Sabirabadda 8,9 faiz, Şəmkirdə 8,9 faiz, Lənkəranda 7,8 faiz, digər rayon və şəhərlərdə isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Qeyd edək ki, COVID-19 pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna öz təsirini göstərib. Mart ayından başlayaraq pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsindəki məhdudiyyərlər bu sahədə tənəzzülə səbəb olub.

Oxu.Az