Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində baş vermiş terror aktı zamanı qəhrəmanlıq göstərmiş məktəbli İslam Xəlilov Dövlət Dumasına dəvət olunacaq.
Bu barədə Aşağı Palatanın Ailənin Müdafiəsi Komitəsinin rəhbəri Nina Ostaninanın “Telegram” kanalında verdiyi xəbərdən aydın olur.
Onun sözlərinə görə, 15 yaşlı İslamla yanaşı, terror zamanı yüzlərlə tamaşaçını xilas etmiş digər yeniyetmə və gənclər, o cümlədən Nikita İvanov, Artem Donskov, habelə aktyor və teleaparıcı Sergey Svetlakovun xilasına görə təşəkkür etdiyi Sofiya Mayer valideynləri ilə birlikdə parlamentə dəvət olunublar.
Ostanina özlərini itirməyən və ekstremal vəziyyətdə cəsarətli olan daha çox qəhrəmanın adını öyrənəcəyini vurğulayıb. O, gənclərə göstərdikləri cəsarətə görə minnətdarlığını bildirib.
Xatırladaq ki, Moskvanın “Crocus City Hall” konsert kompleksində terror aktı baş verib. “Piknik” qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Son məlumatlara görə, terrorçuluqda şübhəli bilinən bütün şəxslər həbs ediliblər, onların hamısı məhkəmədə günahlarını etiraf edib.
Oxu.Az