daha-bir-itkin-herbcimizin-nesi-tapilib

Daha bir itkin hərbçimizin nəşi tapılıb

Baş Prokurorluğun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətinin müəyyən edilməklə, doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Hərbi Prokurorluqdan verilən məlumata görə, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilib, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata kecirilmiş əmaliyyat-istintaq tədbirlərinin nəticəsində, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.

Bundan əvvəl verilmiş məlumatlara əlavə olaraq bildirilir ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məsimov Əkbər Yunis oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.