daha-yeddi-olkenin-vetendaslarinin-azerbaycana-seferine-icaze-verilib

Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib

İyunun 21-dən daha bir sıra ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə veriləcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilib.

“Ölkəmizdə həyata keçirilən sistemli tədbirlər, həmçinin uğurlu vaksinasiya proqramı nəticəsində Azərbaycanda epidemioloji vəziyyət yaxşılaşmaqda davam edir.

Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, 10 iyun tarixindən epidemioloji vəziyyəti sabit olan bir sıra ölkələrin vətəndaşları üçün hava yolu ilə Azərbaycan Respublikasının ərazisinə səfərlərdə yumşalmalar tətbiq edilib.

Vaksinasiyanın əhatəlilik dairəsinin daha geniş olduğu ölkələrdə epidemioloji vəziyyətin davamlı surətdə yaxşılaşdığını nəzərə alaraq, iyunun 21-dən aşağıda qeyd olunan ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə verilir:

- ABŞ

- Bəhreyn

- Birləşmiş Ərəb Əmirlikləri

- Böyük Britaniya

- İsrail

- Macarıstan

- Qətər

Qeyd olunan ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasına səfər etməsi üçün aşağıdakı tələblər gözlənilməlidir:

- yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması;

- 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması.

Yaşı 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.

Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar.

Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman müəyyən edilmiş tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılır”, - deyə məlumatda qeyd olunub.

Bundan əvvəl Türkiyə və Rusiya vətəndaşlarının səfərlərinə icazə verilmişdi.