dahi-nizaminin-eserleri-artiq-reqemsal-formatda

Dahi Nizaminin əsərləri artıq rəqəmsal formatda!

Azercell görkəmli şairin irsini müasir audio-vizual vasitələrlə canlandıracaq

Dahi şair və böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci il Prezident cənab İlham Əliyevin sərəncamına əsasən “Nizami Gəncəvi İli” elan edilib. Ölkənin lider mobil operatoru “Azercell Telekom” mədəniyyət tariximizdə bu əhəmiyyətli hadisəni layiqincə qeyd etmək üçün növbəti layihəsini təqdim edir.

Həm yerli, həm də xarici oxucuları Şərqin ən böyük şairinin yaradıcılığı ilə tanış etmək üçün Azercell Nizami əsərlərinin ən sevilən nümunələrini rəqəmsal mütaliə vasitələrilə təbliğ etmək təşəbbüsü ilə çıxış edir. Beləliklə, Azercell-in dəstəyilə Nizaminin 40-dan çox seçilmiş fəlsəfi və lirik məzmunlu müxtəlif ölçülü əsərləri Azərbaycan, rus, ingilis, fransız və türk dillərində Bookmate proqramının "Audiobook" bölməsinə yerləşdiriləcək. Audio faylların hazırlanmasında digər bir özəl xüsusiyyət onların orijinal fon musiqiləri ilə təqdim olunmasındadır. Ud, tar, kamança və digər qədim musiqi alətlərinin müşayiəti ilə dil daşıyıcıları tərəfindən səsləndiriləcək poeziya nümunələri daha təsirli və xalqımızın mədəni irsi baxımından daha mütəşəkkil ifadə olunacaq.  

Azercell tərəfindən daha bir maraqlı yenilik isə layihə çərçivəsində Nizami Gəncəvinin iki əsərinin: “Kərpickəsən kişinin dastanı” və “Adil Nuşirəvan ilə vəzirin hekayəti” əsərlərinə komiks janrında şəkillərin çəkilməsi və komiks toplusundan ibarət kitabın tərtib edilməsidir. Qeyd edək ki, həmin komikslər də Azərbaycan, rus və ingilis dillərində adaptə ediləcək.

Xatırladaq ki, Nizami Gəncəvinin əsərlərindən öncə Azercell rəqəmsal kitabxana üçün İmadəddin Nəsiminin 650 illik  yubileyi münasibətilə şair və filosofun seçmə qəzəllərini, “Koroğlu” dastanının 10 qolunu və müxtəlif klassik müəlliflərin əsərlərini audiokitab formatında hazırlayaraq beynəlxalq Bookmate tətbiqinə yükləmişdir.

Qeyd edək ki, Azercell abunəçiləri üçün xüsusi endirimlə təqdim olunan Bookmate rəqəmsal platforması vasitəsilə lider operator Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılmasına xidmət edən layihələr gerçəkləşdirir. Azercell-in müasir cəmiyyətin tələbatına və yaşam tərzinə uyğun formatda hazırladığı  ədəbi məzmun ölkədə, xüsusilə də gənclər arasında mütaliə mədəniyyətinin inkişafı və Azərbaycanın ədəbi irsinin dünyanın istənilən nöqtəsində müxtəlif dillərdə daha əlçatan olmasına xidmət edir.

Xatırladaq ki, şairin zəngin irsinin təbliği məqsədilə Azercell bundan öncə Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş xüsusi əlifba da işləyib hazırlayıb. Həmin əlifba sosial şəbəkələrdə geniş yayılaraq istifadəçilər arasında populyarlıq qazanmışdır.

“Nizami Gəncəvi İli” ərzində Azercell şirkətinin təqdimatında audiokitab və komikslər yeni formatda təqdim olunmağa davam edəcək. Bookmate tətbiqinə abunə olmaq, eləcə də “Azercell Telekom”-un fəaliyyətini mətbuat və sosial media platformaları üzərindən izləməklə siz də bu yeniliklərdən faydalana biləcəksiniz.  

Rəqəmsal kitabxana Bookmate haqqında daha ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/digital-solutions/bookmate.html