Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı prosedurunun sadələşməsi, bu sahədə əlçatanlığın artırılması, elektron xidmətlərin genişləndirilməsi, həyata keçirilən sosial və innovativ layihələr cari ildə də əmlakların qeydiyyatının artmasına səbəb olub. Belə ki, elektron çıxarışın tətbiqi, çıxarışın 1 iş günü müddətinə almaq imkanının olması, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi kampaniyaların keçirilməsi, SMS xidmətlərinin fəaliyyət göstərməsi, bu sahədə maarifləndirmə işlərinin aparılması nəticənin müsbət olmasına təsir göstərib. Bunu statistik göstəricilər də təsdiqləyir.
Belə ki, statistik məlumatlara əsasən 2019-cu ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı 112 minə yaxın olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 6.1% artım deməkdir. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 21 minə yaxını fərdi yaşayış və bağ evi, 29 min 200-ə yaxını mənzil, 57 minə yaxını torpaq sahəsi, 2 min 200-ə yaxını qeyri-yaşayış binası, 2 min 500-dən çoxu qeyri-yaşayış sahəsi, 500-ə yaxını əmlak kompleksi, 41-i çoxmərtəbəli yaşayış binası, 21-ni isə çoxillik əkmələr təşkil etmişdir.
İlkin qeydiyyatın 35.55%-i Bakı şəhərinin, qalanı isə regionların payına düşür. Qeyd edilməlidir ki, ilkin qeydiyyat ötən ilin eyni dövri ilə müqayisədə 3.2% faiz artmışdır.
Bundan başqa 2019-cu ilin 6 ayı ərzində ölkə üzrə 9141 mənzil özəlləşdirilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə özəlləşdirilmiş mənzillərin sayı 30.4%-ə yaxın artmışdır. Ümumilikdə isə özəlləşdirmə başlayandan bu günədək ölkə üzrə 570 mindən çox mənzil özəlləşdirilmişdir.
Eyni zamanda qeyd edilməlidir ki, hazırda 50 mindən artıq elektron çıxarış hazırlanıb. ”Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində ölkə üzrə istismarına icazə verilən 88 binanın ünvanlarında bilavasitə qeydiyyat xidmətləri göstərilib. Həmin binalarda yerləşən 5 minə yaxın mənzilin çıxarışı hazırlanıb. Həmçinin 9 minə yaxın sənəd qəbul edilib. Qəbul edilən sənədlər hazırda icra mərhələsindədir.
Qeyd edilməliidr ki, İlkin qeydiyyatın artması bu sahədə yaradılan rahat şəraitin, operativliyin nəticəsidir. Eyni zamanda əldə olunan yüksək göstərici vətəndaşların daşınmaz əmlak bazarında leqal əmlaklara üstünlük verməsinin bariz nümunəsidir.
Bundan başqa təkrar qeydiyyatda da əldə olunan yüksək göstərici ölkədə iqtisadi və hüquqi əməliyyatların artması deməkdir. Belə ki bu, alqı-satqı, ipoteka kimi əməliyyatların artmasından xəbər verir. Təkrar qeydiyyatın artması daşınmaz əmlak bazarının canlanmasına, inkişafına imkan verir.
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə isə yanvar-iyun ayları ərzində vətəndaşlardan 40 minə yaxın müraciət qəbul olunub.