11.03.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 28 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 313 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51% təşkil edib.
İnsider.az xəbər verir ki, Mərkəzi bank elan etdiyi kimi 100 milyon manat cəlb edib.
Xəbər verdiyimiz kimi, 10.03.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 268 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51% təşkil etmişdi. Mərkəzi Bank 14 gün müddətinə 100 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbləği də cəlb etmişdi.
Diqqəti çəkən, depozit hərracında tələbin azalmasıdır. Öncəki hərraclarda tələb 600 milyon manatdan yüksək olurdu. Məsələn, 04.03.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 620,3 milyon manat təşkil etmişdi.
Həmçinin, 02.03.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 632,7 milyon manat təşkil etmişdir.