"Kənddə fəaliyyət göstərən mikro və kiçik sahibkarların girov təqdim etməsi olduqca çətin məsələdir".
Bu barədə Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə "Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmağa doğru" mövzusuna həsr edilmiş 10-cu Azərbaycan Mikromaliyyə Konfransında deyib.
Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən iri sahibkarlara 500 mln. manatdan yuxarı məbləğdə verilən kreditlərdə girov təminatının 60%-dən çoxunu dövlət özü həyata keçirməyə başlayıb: "Mən təklif edirəm ki, kiçik sahibkarlıqla da bağlı belə bir məsələlər ortaya qoyulsun. Yəni o təminatın həyata keçirilməsinin təxminən 60-70%-i Azərbaycan İpoteka Kredit Zəmanət Fondu həyata keçirsin. Ümumiyyətlə, girov məsələsində regiondakı kiçik sahibkarlara təzyiq azaldılmalıdır".
Komitənin üzvü əlavə edib ki, əgər bu məsələlərin həll edilməsi ilə bağlı qanunlarda dəyişiklik edilməsi barədə hər hansı təşəbbüslər olarsa, komitə bu təşəbbüslərin dəstəklənməsi ilə bağlı fikir mübadiləsi aparmağa hazırdır.
APA