“Son vaxtlar bəzi KİV-lərdə yaxın vaxtlarda Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə həqiqətə uyğun olmayan məlumatlar və müzakirələr yer almaqdadır. Hesab edirəm ki, bu, müəyyən radikal siyasi qüvvələrin maraqlarına xidmət edir”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, daha çox “yeni gündəm yaratmaq”, yaxud da diqqəti postmüharibə dövründə ölkədə görülən işlərdən yayındırmaq məqsədi daşıyan bu tip məlumatların hansı qüvvələrin marağına xidmət etdiyi hər kəsə bəllidir: “Müharibə dövründə milli birlik və həmrəylikdən kənar duran, Ordumuza heç bir dəstək verməyən bu qüvvələr postmüharibə dövründə də əldə etdiyimiz Zəfərə kölgə salmaq üçün dəridən-qabıqdan çıxırlar. Elə Azərbaycanda hər hansı zərurətin mövcud olmadığı halda “Milli Məclisin təkrarən buraxılması” mövzusunun dövriyyəyə buraxılması da həmin qüvvələrin qara niyyətlərindən xəbər verir. Bu cür qüvvələr Azərbaycanda dövlət idarəçiliyinin, o cümlədən Milli Məclisin fəaliyyətinin yüksək səviyyədə qurulduğunu bilə-bilə bu tip “xəyali təkliflərlə” necə deyərlər qaşınmayan yerdən qan çıxarmağa çalışırlar”.
Deputat vurğulayıb ki, Azərbaycanda təkmil və ahəngdar dövlət idarəçiliyi mövcuddur və aydın hakimiyyət bölgüsü var: “Eləcə də müxtəlif dövlət qurumları bir-birinin fəaliyyətini tamamlayır və effektivliyi daha da artırır. Onu da xüsusi olaraq vurğulamalıyıq ki, Milli Məclisin say tərkibi, eləcə də tərkibin formalaşdırılması üçün tətbiq olunan seçki sistemi uzun illərin sınağından uğurla çıxıb və hazırda günün tələblərinə tam uyğundur. Mənim də təmsil olunduğum VI çağırış Milli Məclis öz fəaliyyətinin dövlət başçısının daxili və xarici siyasətinə, eləcə də tövsiyələrinə uyğun, yüksək səviyyədə qurulması üçün zəruri addımlar atıb”.
Ötən müddət ərzində fəaliyyətin düzgün quruluması nəticəsində parlamentin parlaq nailiyyətlər əldə etdiyini deyən V.İskəndərov daha sonra bildirib: “Bu müddət ərzində Milli Məclisdə islahatların aparılması, qanunvericilik fəaliyyəti və beynəlxalq əlaqələr baxımından yeni uğurların əldə edilməsi, o cümlədən icra hakimiyyəti orqanları ilə əlaqələrin qurulması fonunda vətəndaşlarla işin səmərəli şəkildə təşkili, bu konteksdə deputatların fəallığının artırılması deyilənlərə sübutdur. Deputatların fəallığının artırılması ilə bağlı onu da bildirmək istəyirəm ki, məhz bu parlamentin fəaliyyəti dövründə vətəndaşlarla görüşlər ayda iki dəfə keçirilib. Bu da vətəndaş məmnunluğunun təmin edilməsinin əsas tutulduğuna daha bir sübutdur. Eyni zamanda, həm pandemiya ilə mübarizə zamanı, həm də Vətən müharibəsi zamanı görülən işlər Milli Məclisin fövqəladə vəziyyətlərdə də iş qabilləyininin yüksək olduğunu nümayiş etdirib”.
Report