Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam artıq qüvvəyə minib və minimum aylıq əmək haqqının məbləği 250 manat müəyyən edilib. Xatırladaq ki, indiyədək bu məbləğ 180 manat olub.
İnsider.az-a sentyabrın 1-dən qüvvəyə minən maaş artımı ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Vahid Əhmədov öz fikirlərini bölüşüb.
“Bu aydan başlayaraq əmək haqlarının artırılması böyük bir məbləğin bazara daxil olmasıdır və bu sərəncam təxminən 1 milyon 400 min nəfəri əhatə edir. Burada hökumətin üzərinə düşən işlərdən biri də bazara daxil olan vəsaitin qiymət artımının qarşısını almaqdır. Bazara daxil olan vəsait özünü necə tənzimləyəcəyinə diqqət etmək lazımdır. Bizi narahat edən əsas məsələ qiymət məsələsidir. Maaşlar artan kimi, istər obyektiv, istərsə də subyektiv səbəblərdən olsun, qiyməti artırmağa başlayırlar. Bunu həmişə müşahidə etmişik. Əgər qiymətlərdə bahalaşma olsa, o zaman maaş artımının heç bir əhəmiyyəti qalmayacaq. Hazırda hökumət bu işlə çox ciddi məşğul olur və onun qarşısını almağa çalışır”.
Deputat maaşların artırılmasının davamlı olacağını bildirib: “2020-ci ilin dövlət büdcəsi müəyyənləşdirilərkən də bu məsələlərə bir daha toxunulacaq. Elə təbəqə var ki, orada yüksək maaşdan söhbət gedə bilməz. Müəllimlərin, həkimlərin maaşı da buraya aiddir. Ancaq son artımlar, həm minimum əmək haqqı, həm pensiyalar, həm də özəl şirkətlərdə çalışanların əmək haqları ilə bağlı verilən qərarların yaşayış tərzinə ümumilikdə böyük təsiri olacaq. Bu insanların həyat şəraitinin yaxşılaşmasına müsbət təsir göstərəcək. Mən obyektiv qiymət artımını başa düşürəm, əgər mal və ya onun hər hansı komponenti xaricdən alınırsa, onun qiyməti dəyişə bilər. Ancaq daxildə olan istehsal, xüsusən də ərzaq məhsullarının qiymətindəki artıma nəzarət mexanizmi həyata keçirilməlidir. Cavabdeh qurumlar bu işlə məşğul olmalıdır”.
Hüquqşünas, ekspert Əkrəm Həsənov İnsider.az-a açıqlamasında Azərbaycanda bu aydan qüvvəyə minən maaş artımında əhalinin yaşayışına təsirindən danışıb. O, ölkədə baş verən maaş artımının qiymətlərə təsir etmədiyi təqdirdə çox müsbət hal olduğunu bildirib.
“Bildiyimiz kimi Azərbaycanda belə bir adət formalaşıb ki, maaş artırsa deməli ərzaq və digər məhsulların qiymətlərində də artım olmalıdır. Ancaq bunun qarşısının alınması lazımdır. Qiymətlərə nəzarət təmin olunarsa və süni qiymət artımı baş verməzsə bu çox müsbət haldır.
Maaşlar neçə illər ərzində az faizlərlə artsa da bir dəfə üçün bu qədər ciddi artım baş verməyib. Bu həmin artımdan yararlanacaq insanların yaşayışına yaxşı təsir edəcək. Amma bu artım hələ də bütün tələbatları ödəmək üçün kifayət etmir. Düşünürəm ki, yaxın gələcəkdə, yəni gələn il ərzində az faizli artımlar olacağı gözlənilir, amma belə məbləğdə artım gələn il üçün gözlənilən deyil”.
Qeyd edək ki, minimum əmək haqqının artımı, ilk pilləsi minimum əmək haqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla, 950 min nəfərin (o cümlədən dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin) maaşının artmasına imkan verib.
Nübar Lətifli