dikte-edenler-olmayan-qurum-verilmeyen-guzestler-kinoindustriyaya-ekranarxasi-nezer

Diktə edənlər, olmayan qurum, verilməyən güzəştlər – Kinoindustriyaya ekranarxası nəzər

Müasir dövrdə əksəriyyətimiz evimizə televizoru bir aksesuar, sadəcə “belə adətdir” deyə alırıq. Belə ki, böyük hissəmiz filmləri, verilişləri internet vasitəsi ilə izləyir. Premyerası yaxın zamanlarda baş tutan yeni filmlər isə sözsüz ki, telekanallar almağa macal tapmamış internet məkanında yayılır. Lakin buna baxmayaraq, kinoteatrlar hələ də populyarlığını qoruyub saxlaya biliblər. Hətta  biletlərin maaşımıza nəzərən “od tutub yanan” qiymətləri belə filmi əlimizdə popkorn kinoteatr ekranları önündə izləmək həzzini azaltmır. Bəs ekranarxası vəziyyət necədir? Bir misal gətirək: Cəmi bir neçə həftə öncə qonşu Türkiyədə kinoindustriya sahəsini böyük bir qalmaqal silkələdi – Kinoteatrlar tərəfindən tətbiq edilən yeni qaydalar film istehsalçılarının narazılığına səbəb oldu. Belə ki, yeni qaydalara əsasən, biletlər paket şəklində satılmağa başlayır. Paketə isə bilet ilə yanaşı popkorn və içki də daxil edilir. Nəticədə tamaşaçı kinoya baxmaq üçün məcburən bir neçə dəfə artıq ödəniş etməli olur. Narazı film istehsalçıları  bildirirlər ki, yaranmış vəziyyətdən yalnız kinoteatrlar qazanır. Belə ki, yeni qaydalar kinoteatrlara gələnlərin sayının azalmasına səbəb olacaq və beləliklə də, ərsəyə gətirdikləri filmə görə onlar az gəlir götürəcəklər. Film istehsalçıları tamaşaçıların sayının artması üçün kinoteatr rəhbərliklərindən biletlərin qiymətini aşağı salmağı tələb edirlər. Bəs Azərbaycanda kinoindustriya aləmində durum necədi? Kino istehsalçıları hansı problemlərlə üzləşirlər? Biletlərin “əlyandıran qiymətlər”ini kim müəyyənləşdirir? Filmlərin taleyini kimlər həll edir? Kinoindustriyada hansı tənzimləyici qurumlar var?

Biletin qiymətini təyin edənlər

İnsider.az-a ekranarxası vəziyyətlə bağlı həmsöhbət olan kinoprodüser Fəhruz Şamiyev bildirir ki,  kinoteatrlarda biletlərin qiymətlərinin tənzimlənməsi qanunvericiliklə nəzərdə tutulmayıb.  Biletlərin qiymətlərini kinoteatrlarlar təyin etsə də, son nəticədə qiyməti bazar  müəyyənləşdirir.

“Təbii ki, bazara görə kinoteatr biletləri yüksək qiymətə satışa çıxarsa, tamaşaçı itirəcək. Yəni bazar tənzimləmələrinin rolu daha çoxdur.

Azərbaycan 20, 30, 60 milyonluq əhalisi olan ölkə deyil. Respublikanın da regionlarında kinoteatrlar olmadığı üçün  tamaşaçı sayı yetərincə deyil. Ona görə də kinoteatr rəhbərlikləri biletlərin qiymətini müəyyənləşdirərkən bunu nəzərə almalıdırlar, film sahibinə bir növ yardımçı olmalıdırlar. Film istehsalçıları min bir əziyyətlə filmi ərsəyə gətirirlər. Lakin bununla belə kinoteatrlar tərəfindən dəstək görmürlər”, - deyə kinoprodüser şikayətlənir.

“Cinema plus” kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadə isə öz növbəsində bildirir ki, xarici ölkələrlə müqayisədə Azərbaycanda kinoteatrlarda biletlərin qiyməti daha baha olmalıdır: “Çünki bizim xərclərimizin hamısı ölkə xarici ilə bağlıdır. Belə ki, xaricdən gətirilən avadanlıqlar, əməliyyat xərcləri və s. böyük vəsait tələb edir. Bütün alqı-satqı prosesi, əməliyyatlar avroda aparıldığı üçün, əslində biletlərin qiyməti daha baha olmalıdır. Sadəcə, biz qiymətləri stabil saxlamağa çalışırıq.  Tamaşaçı kütləsinin maddi durumunu nəzərə alırıq”.

Hərçənd, bir çox ekspertlər kinoteatrların belə mövqeyi ilə razı deyillər. Ticarət Mərkəzlərindəki icarə haqlarından tutmuş əmək haqlarına qədər kinoteatrların əksər əməliyyat xərcləri manatdadır və yerli iqtisadi duruma uyğun tənzimlənir. Xarici kinostudiyalardan alınan filmlərin satışından əldə olunan gəlirin isə 50%-i mövcud məzənnəyə konvertasiya edilərək xaricə köçürülür. Halbuki, Türkiyə və Rusiyada əksər ticarət mərkəzlərində icarə haqları dollar və ya avroda müəyyənləşib və kinoteatrlar ödəniş gününün məzənnəsinə uyğun icarə haqqı ödəyir.

Yerli, yoxsa xarici filmlər? - Filmə baxmaq, ya film çəkmək ənənəsi

Kinoprodüser Fəhruz Şamiyevin sözlərinə əsasən,  Azərbaycan istehsalı olan filmlər xarici filmlərə nisbətən daha çox tamaşaçı toplayır, daha çox gəlir gətirir. Söhbətin komediya filmlərindən getdiyini vurğulayan kinoprodüser bildirir ki, daha ciddi filmlərin kifayət qədər tamaşaçı yığmağı bir az sual altındadır: “Çünki bizim tamaşaçılar hələ festival, psixoloji-dram filmlərinə hazır deyillər. Azərbaycanda tamaşaçılar arasında ciddi filmlərə bilet alıb, baxmaq ənənəsi hələ formalaşmayıb. Çünki tamaşaçılar zövq almağa deyil, əylənməyə üstünlük verirlər. Bu baxımdan da ciddi filmlərin tamaşaçısı az olur. Əslində  bütün dünyada belədir. Dünyadakı iqtisadi durumdan asılıdır. Belə ki, maddi problem yaşayan insan kinoteatra gedib ağır filmlərlə özünü daha da yükləmək istəmir, sadəcə əylənməyə çalışır”.

“Park Cinema” kinoteatrlar şəbəkəsinin rəhbəri Elnur Allahverdiyev bildirir ki, yerli və ya xarici filmlərə üstünlük verilməsinə gəldikdə, tələbat “50-50”-yədir: “Tamaşaçıların yarısı yerli, digər yarısı isə xarici istehsal olan filmləri izləməyə üstünlük verir. “Park Cinema”nın isə xüsusi seçimi yoxdur, üstünlük daha çox tələbat olan, gəlir gətirən filmə verilir”.

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Əflatun Amaşov isə film çəkmək ənənəsinin itirilməyindən şikayət edir: “ABŞ, Hindistan, Böyük Britaniya, Fransa, İtaliya, bir sözlə, dünya ölkələrinin əksəriyyətində film istehsalı, kinoindustriya ilə bağlı  illər ərzində cilalanmış, effektiv bir sxem var. Bu  ölkələrdə sanki bir film çəkmək ənənəsi mövcuddur. Təəssüf ki, Azərbaycanda az film çəkilir. Nümayiş olunan zaman da o qədər də çox izləyici olmur. Sanki ənənə pozulub. Bunun üçün zamana ehtiyac var.

Keyfiyyətli filmlər çəkməyə çalışmalıyıq. Keyfiyyətli filmlərin tamaşaçıları da çox olacaq və təbii ki, əldə edilən gəlir də çox olacaq. Belə olan təqdirdə də qazanan yalnız kinoteatrlar deyil,  film istehsalçıları da olacaq”.

Boykot, ya qanun çərçivəsi?

Əməkdar artist, məşhur aktyor, rejissor Tahir İmanov Azərbaycan kinoindustriya sahəsində zəifliklərin olduğunu vurğulayır: “Bu zəiflikləri aradan qaldırmaq üçün yol tapılmalıdır. Qonşu Türkiyədə olduğu kimi problem yaranan kimi boykot etmək deyil, qanun çərçivəsində həll tapmaq lazımdır. Çünki boykot eləyənin özü də gərək bir şəxsiyyət olsun. Türkiyədə kino sahəsində şəxsiyyətlər çoxdu. Bizdə təəssüf ki, şəxsiyyətlərin əksəriyyəti dünyasını dəyişib. Yerdə qalanlar da danışmır, susur. Elə götürək “Planet pani iz Baku”nu - neçə ildir bizi televiziyadan uzaqlaşdırıblar. Lakin kolleqalarımızdan heç kim bizim vəziyyətimizlə maraqlanmır, bir söz demir. Yəni bu nöqteyi-nəzərdən Azərbaycanda boykotdan danışmaq da olmaz. Bütün narazılıqlar qanun çərçivəsində həll olunmalıdır.

Filmin taleyini həll edənlər

Fəhruz Şamiyev kinoteatr sahiblərinin filmin hüququnu alaraq başqa kinoteatrlarda yayımlanmasının qarşısını almağından şikayətlənir: “Bu hal bizim şəbəkələrin hamısına xasdır. Məsələn, filmin çəkilişi 100 min manata başa gəlib, kinoteatrlar isə onu 150 min manata alır və bütün şəbəkələrində nümayiş edirlər, öz məhsullarını reklam edirlər. Qoyduğu pulu ikiqat çıxartmağa çalışır və buna görə də həmin filmi başqa kinoteatrda da tamaşaçıların  izləməyinə imkan verməməyə çalışır.

Bir məqam da var - çəkilən filmin taleyi çox vaxt kinoteatr rəhbərliyi ilə filmi satan arasında bağlanmış müqavilədən asılıdır. Belə ki, müqavilədə seansların sayı, zamanı, biletlərin qiyməti, neçə ay sürəcəyi də qeyd olunur. Lakin kinoteatr filmin hüquqlarını tam alıbsa, onu heç efirə çıxarmaya da bilər. Bu, qarşılıqlı müqavilədən asılıdır.

Qaydaları kinoteatrlar diktə edir

Rejissor İlham Qasımovun sözlərinə əsasən, dünyanın əksər yerində qaydaları satan yer diktə edir: “Kinoteatr rəhbərliyi  deyir ki, filmi mən satıram, onu bizdə nümayiş etdirmək istəyirsənsə, şəraiti mən yaradıram, filmi bəyənmirəmsə, yayımlamaya da bilərəm. Əslində zəif, tamaşaçı cəlb etməyən filmi göstərməməyə kinoteatrın haqqı var. Lakin tamaşaçılar tərəfindən bəyənilən filmin sıxışdırılması haqsızlıqdır. 

Kinoteatrlardan şikayət – Bir araya gəlmirlər

“Azərbaycanda bildiyiniz kimi iki kinoteatr şəbəkəsi var: Cinema Plus və Park Cinema. Filmi ərsəyə gətirib adları çəkilən şəbəkələrə təqdim etdikdə problem yaranır”, - deyə Fəhruz Şamiyev bildirir.

Onun sözlərinə əsasən, biri şəbəkələrində filmi təqdim etdikdə, digəri nümayiş etməkdən imtina edir: “Nizami kinoteatrı onlara rəqib olmaya-olmaya, hətta o da bu qayda ilə gedir. Təbii ki, belə olduqda da  film istehsalçısı əziyyətlə ərsəyə gətirdiyi məhsula görə kifayət qədər gəlir götürə bilmir”.

Tahir İmanov da kinoteatr şəbəkələrinin ədavətindən şikayətləndi: “Ən böyük problem odur ki, Azərbaycanda iki kinoteatr şəbəkəsi mövcuddur. Bir-biriləri ilə də danışmırlar. Məsələn, “Cinema Plus” şərt qoyur ki, mənim ilə işləyirsənsə, “Park Cinema” ilə əməkdaşlıq olmamalıdır. Düzdür, “Park Cinema”da belə problem yaşanmır, onlar filmin digər kinoteatr şəbəkələrində yayımlanmasının əleyhinə deyillər. Düşünürəm ki, bu tip nüansları həll etmək üçün kino industriyaya mənsub olan qüvvələr bir araya gəlib çıxış yolu tapmalıdırlar. Bu məsələləri öz aralarında həll etdikdən sonra qanun çərçivəsində işlər görülməlidir. Çünki Azərbaycan hüquqi dövlətdir və mən istəmərəm ki, hətta kinoindustriyada da qeyri-qanuni hallar müşahidə olunsun”. 

Elnur Allahverdiyev “Park Cinema” tərəfindən belə bir problemin olmadığını vurğulayır: “Biz həmişə film istehsalçılarına məhsullarını həm bizə, həm də digər şəbəkəyə verməyini təklif edirik. Yəni problem o biri şəbəkədən qaynaqlanır. Biz “Cinema Plus”un şəbəkələrində nümayiş olunan filmləri göstərməyə hazırıq, lakin qarşı şəbəkə şərt qoyduğuna görə, film istehsalçıları orada yayımlanan məhsullarını bizə vermirlər. Bizim üçün vacib olan müştərinin məmnunluğudur”. 

Zaur Darabzadə kinoteatrlar arasında rəqabətin normal olduğunu vurğulayır və bildirir ki, bu, dünya praktikasında da belədir: “Biz filmi distribütor şirkətdən götürürük, istehsalçıdan yox. Kino çəkən adam isə özü qərar verməlidir ki, onun məhsulunu hansı distribütor verə bilər”, - deyə Z.Darabzadə qeyd edir.

Kinoteatrların prodüserlərin narazılığına səbəb olan əlavə gəliri

“Düzdür, bəzi kino istehsalçıları kinoteatrlardan narazılığını bildirirlər. Onlar qeyd edirlər ki, biz özümüz sərmayə  tapırıq, kinonu ərsəyə gətiririk, kinoteatr isə heç bir sərmayə yatırmır, əksinə popkorn, sərinlədici içki satışından, seanslararası reklamlardan da gəlir götürürlər, bizə isə ancaq bilet satışından əldə olunan gəlirin bir qismi qalır”, - deyən Tahir İmanov vurğulayır ki, əslində, popkorn və digərlərinin satışı bütün dünyada qəbul olunmuş standartlardır.

“Mən belə məsələlərin problemə çevrilməsinin əleyhinəyəm. Kinoteatr özü bilər. Nəzərə almaq lazımdır ki, kinoteatrın da öz xərcləri var: Zallarda kino yayımlananda qışda istilik, yayda isə kondisioner sistemi qoşulmalıdır - bunların hamısı isə enerji sərf edir,  avadanlıq almağa vəsait sərf olunur, işçilərin məvacibi və s. bu kimi xərclər.  Ona görə də bu cür xırdalıqlara qapanmaq lazım deyil. Sadəcə çıxış yolu axtarmaq lazımdır. Çıxış yolu da odur ki, kinoya cavabdeh olan insanlar yaranmış problemləri qanun çərçivəsində həll etməlidirlər”, - deyə T.İmanov qeyd edir.

Kinonun yayımlanma saatları – QƏRAR verənlər

İlham Qasımov bildirir ki, kinoteatrlar yayımlanan filmin seanslarının vaxtını dəyişdirilə bilər: “Bu, əslində filmi satanla (filmin istehsalçısı və ya distribütor şirkət) kinoteatr arasında bağlanmış müqavilədən asılıdır. Belə ki, çəkilmiş film ekrana verilməmişdən öncə tərəflər arasında seansların sayı, saatı, tamaşaçı yığmadığı təqdirdə filmin nümayiş şərtlərinin dəyişdirilməsi imkanı qeyd edilmiş müavilə imzalanır. Tərəflərdən hər hansı biri müqavilənin şərtini pozarsa, bu haqsız yanaşmadır”, - deyə prodüser bildirir.

Hər bir kinoteatrın ayrıca kommersiya təşkilatı olduğunu  qeyd edən Elnur Allahverdiyev onların hər birinin özünün daxili qanunları olduğunu vurğulayır: “Hansı filmə nə qədər seans verəcəyinə, hansı saatlarda göstəriləcəyinə, biletin qiymətinin neçə olacağına özü qərar verir.
Kommersiya təşkilatları hərə öz qazancını güdür. Bu səbəbdən, hansı film çox sayda tamaşaçı yığırsa, ona daha yaxşı seanslar verilir. Yəni hansı filmdən daha çox qazanc götürülürsə, ona daha əlverişli saatlarda seanslar verilir. Az gəlir gətirən filmlərə isə zəif seanslar verilir”.

Zaur Darabzadənin sözlərinə əsasən, filmin günün hansı vaxtında lentə buraxılacağını nə kino istehsalçısı, nə də kinoteatr müəyyənləşdirmir. Belə ki,  kinoteatrlar istehsal olunmuş filmi ilk həftələr  ən əlverişli vaxtlara qoyur. Film az tamaşaçı topladığı təqdirdə, məcbur qalıb çıxarır və daha əlverişsiz vaxta salır. Həmin vaxta isə daha çox izləyicisi olan filmləri salır: “Bir müqayisə aparım: Təsəvvür edin ki, marketinizə yeni məhsul gətirmisiniz. O məhsul satılmırsa, təbii siz onu satışdan çıxarıb, yerinə daha satılanı yerləşdirərsiniz. Çünki əks təqdirdə müştəri başqa marketə gedəcək. Biz də tamaşaçı itirmək istəmirik. Bir sözlə, seansın vaxtı birbaşa tamaşaçı tərəfindən müəyyən olunur.

Film şəbəkələrimizdə ekranlaşdırılmamışdan öncə müqavilə bağlayırıq. Bu müqavilədə isə tərəflərin şərtləri nəzərə alınır. Onu da qeyd edim ki, biz müqaviləni kinonu çəkənlə deyil, distribütor şirkətlə bağlayırıq”.

Kinoistehsalçıları üçün güzəştlər yoxdur

Ölkədə filmlərin çəkilməsi ilə bağlı mövcud  problemlərdən danışan Əflatun Amaşov bildirir ki, filmin istehsalına ayrılan pulun böyük hissəsi avadanlığa sərf olunur: “Bu avadanlıqlar xaricdən gətirilərkən böyük məbləğdə vergi tutulur. Belə ki, xaricdən gətirilən texnika üçün vergilər güzəştsizdir. Bu məsələyə kompleks yanaşmaq lazımdır. Qanunvericilikdə müəyyən müddət üçün güzəştlər nəzərdə tutulmalıdır.

Çox təəssüf ki, Azərbaycanda ümumiyyətlə film istehsalçıları üçün güzəştlər kifayət qədər azdır. Bir müqayisə aparım: Kinoindustriya Birləşmiş Ştatlarda yeni-yeni gündəmə gələndə dövlət tərəfindən bir müddət kino sahəsində çox ciddi güzəştlər nəzərdə tutuldu - dövlət yardımları, əvəzsiz kreditlər, sonra xaricdə istehsal olunan texnikanın ölkəyə gətirilməsində müəyyən güzəştlər, əlavə dəyər vergisindən azad olma və s. Təəssüf ki, Azərbaycanda bunlar yoxdur. Eyni zamanda, dövlətin də yeni filmlərin çəkilməsinə ayırdığı maliyyə kifayət qədər azdır”.

Kənardan baxış – Tənqidçilər nə deyirlər?

Kino tənqidçi, kinoşünas Aygün Aslanlı hesab edir ki, milli kinoindustriyanı inkişaf etdirmək üçün bu sahədə irəli getmiş ölkələrin təcrübəsinə müraciət etməliyik:  “Dünya ölkələrinin əksəriyyətində xüsusi kino mərkəzləri var. Kino ilə bağlı ən cüzi məsələlər belə onların iştirakı ilə həll olunur. Yəni kinonun inkişafı, istehsalatı, bir sözlə, kinoya aid bütün məsələlərlə Mədəniyyət, Gənclər, Turizm nazirliyi deyil, ayrıca kino mərkəzləri məşğul olur. Digər qurumlar – kinonu yayımlayanlar, kinoteatrlar, internet resursları, telekanallar, hətta verilişində kinodan fraqment göstərənlər belə, həmin filmdən pul qazandıqlarına görə gəlirin 1,5 və ya 2,5 faizini həmin kino mərkəzlərinə ödəyirlər. Beləcə, yeni bədii və ya sənədli filmlərin çəkilməsinə, bir sözlə, ölkədə kinoindustriyanın inkişaf etdirilməsinə kömək edirlər.

Ölkələrin əksəriyyətində kinoindustriya ilə bağlı xüsusi qanunlar da var ki,  orada kinoteatrların yerli filmlərə, eləcə də xarici filmlərə nə qədər vaxt ayrılmalı olduqları, yerli və ya xarici filmləri hansı saatlarda nümayiş edilməli, yerli və ya xarici filmlərə hansı güzəştlər ola bilər və s. bu kimi nüanslar qeyd olunur.

Azərbaycanda isə bu sahə ilə bağlı nə xüsusi qurumlar, nə də qanunlar yoxdur. Buna görə də kinoteatrlar istədiklərini edirlər. Kino istehsalçıları da çarəsiz qalırlar.

Lakin bir məqam da var ki, rejissorlar, prodüserlər kinoteatrların qoyduğu şərtlərlə razılaşmaya da bilərlər. Əgər hər-hansı narazılıq varsa, film istehsalçıları boykot edə, məhsulunu kinoteatrlara verməyə bilər. Onlar Milli Məclisə məktub yazıb, məsələnin ictimailəşdirə bilərlər”.

Kinoindustriyaya kim nəzarət edir? – Təmzimləyici qurumun leyinə və əleyhinə olanlar

Azərbaycanın kiçik ölkə olduğunu əsas gətirən Elnur Allahverdiyev bildirir ki,  kinoindustriyada tənzimləyici qurumun yaradılmasına ehtiyac yoxdur: “Ümumiyyətlə, Azərbaycan kino industriyasında dövriyyə kiçikdir. Bizdə kinoya getmək, kino mədəniyyəti belə çox aşağı səviyyədədir. Məsələn, Rusiyada təqaüdçülər kinoya gedirsə, bizdə 55 yaşdan yuxarı heç kim getmir. Dövriyyə aşağı olduğuna görə, qurum yaradılsa belə, o, heç özünü maliyyələşdirə bilməyəcək. Məsələn, Fransada kino industriyada illik 4-5 milyard dollarlıq dövriyyə varsa, bizdə bu, illik 1-2 milyon manatdır. Bu məbləğdən ötrü qurum yaratmaq nəinki dövlətə, heç kimə sərf etmir, yaradılması məntiqli deyil. Kiçik ölkəyik, az sayda kinoteatr var, bütün məsələlər bir-birimizin arasında, daxili qaydada həll olunur”.

Kino istehsalçıları ilə kinoteatr rəhbərləri yaranmış anlaşılmazlıqları  öz aralarında tənzimləyə bilməməsindən şikayət edən İlham Qasımov bildirir ki,  hərə öz marağını düşünür: “Bəzən film ərsəyə gəldikdən sonra istehsalçı ilə kinotear sahibləri arasında danışıqlar aparılarkən seanların sayı, efir vaxtı, biletlərin qiyməti və s. ilə bağlı xoşagəlməz məqamlar yaşanır. Bunlardan yan keçmək üçün ya Mədəniyyət Nazirliyinin nəzdində, ya da hansısa müstəqil bir ictimai qurum yaradılmalıdır. Həmin qurum tərəflərin şikayətini dinləyərək həll etməli, müəyyən qaydalar tərtib etməli, kinoindustriya sahəsi isə onlara müvafiq fəaliyyət göstərməlidir. Əks təqdirdə kinoteatrlar və istehsalçılar heç vaxt razılığa gələ bilməyəcəklər, bu, hələ illərlə davam edəcək”.

Əflatun Amaşov isə bildirir ki, tənzimləyici qurum və ya təşkilat yaratmazdan öncə  kino sahəsində mövcud olan digər problemləri aradan qaldırmaq labüddür: “Nəinki dövlət, ayrı-ayrı özəl təşkilatlar tərəfindən də filmlər çəkilməsinə yollar axtarmalıyıq. Yalnız dövlət tərəfindən deyil, ayrı-ayrı qurumlar, özəl sektor tərəfindən yeni filmlərin çəkilməsinə şərait yaradılmalıdır.

Məhz bundan sonra kinoindustriya sahəsində yeni qurumlar da yaranacaq, prodüser, rejissor, aktyorların hüquqlarını müdafiə edən qurumlar, kinoindustriyada vahid qanunları diktə edəcək təşkilat yaranacaq və xalqımız daha keyfiyyətli filmlər izləyəcək”.

Nigar Orucova