dim-den-dovlet-qulluguna-musahibelerde-istirak-edecek-namizedlere-muraciet

DİM-dən dövlət qulluğuna müsahibələrdə iştirak edəcək namizədlərə MÜRACİƏT

Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi nəzərə alınaraq, vətəndaşların dövlətin idarə edilməsində iştirak hüququnun təmin edilməsi və dövlət orqanlarının kadr tələbatının ödənilməsi, eyni zamanda müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək məqsədilə 18 mart 2020-ci il tarixindən təxirə salınmış müsahibələrin onlayn qaydada təşkil edilməsi nəzərdə tutulub.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, namizədlər onlayn müsahibələrə xüsusi proqram təminatı vasitəsilə Mərkəzin müvafiq inzibati binalarından qoşulacaqlar.

17.09.2019 və 13.01.2020-ci il tarixli müsabiqədə müsahibələri təxirə salınmış namizədlər 25 iyun saat 18:00-dək bu linkə daxil olmaqla DİM-in onlara uyğun olan müvafiq regional bölməsini seçməlidirlər. Namizədlərlə onlayn müsahibələr onların seçdiyi regional bölmədə təşkil ediləcək. Müsahibələrin keçirilmə qrafiki beş gün əvvəl Mərkəzin internet portalında yerləşdiriləcək.

Müsahibələrin onlayn qaydada təşkili ilə bağlı “Təlimat” hazırlanıb. Təlimata uyğun olaraq, namizədlər müsahibəyə gələrkən şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməli, müsahibə binasına tibbi maska ilə gəlməli, əllərini girişdə yerləşdirilmiş tibbi spirt və ya dezinfeksiyaedici vasitə ilə təmizləməli, buraxılış rejimi zamanı digər namizədlərlə iki metrlik məsafə saxlamalıdırlar.