Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 1 iyul 2021-ci il tarixində müxtəlif növ imtahanların keçirilməsi nəzərdə tutulurdu. Bu imtahanlarda iştirak etmək üçün 26 mindən artıq abituriyent qeydiyyatdan keçib. İmtahanlarda iştirakçıların sıxlığının azaldılması məqsədilə Mərkəz tərəfindən bu imtahanların iyulun 1-də və 2-də müxtəlif şəhər və rayonlarda keçirilməsi qərara alınıb.
İyulun 1-də və ya 2-də imtahan keçiriləcək şəhər və rayonların siyahısı yaxın günlərdə elan olunacaq.
Qeyd edək ki, iyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.
- əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;
- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;
- aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;
- eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.