din-vetendaslar-qanunsuz-saxlanilan-xeyli-sayda-silahi-tehvil-veribler-yenilenib

DİN: “Vətəndaşlar qanunsuz saxlanılan xeyli sayda silahı təhvil veriblər” - YENİLƏNİB

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti sutka ərzində ölkə ərazisində qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı statistikanı açıqlayıb.

Məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları “AKM” markalı avtomat silahını və bir ədəd patron darağını, paytaxtda Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşları Binə qəsəbəsində bir ədəd lüləsi kəsilmiş “TOZ-63” markalı nömrəsiz ov tüfəngi, bir ədəd “F-1” qumbarası, alışdırıcı və üç ədəd avtomat patronu, Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşları Bakıxanov qəsəbəsində bir ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, bir ədəd patron darağı və səkkiz ədəd patronu, Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları bir ədəd “AK” markalı avtomat silah, bir ədəd patron darağı və 27 ədəd patronu, Sumqayıt ŞPİ 5-ci Polis Bölməsinin əməkdaşları iki ədəd nömrəsi silinmiş lüləsi və qundağı kəsilmiş tüfəngi, Gəncə ŞBPİ 3-cü Polis Bölməsinin əməkdaşları bir ədəd qundağı və lüləsi kəsilmiş “TOZ-8” markalı tüfəngi, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları Dəmirçilər və Seydimli kəndləri ərazisində “İJ” və “TOZ-8” markalı iki ov tüfəngini təhvil götürüblər.

10:20

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların xeyli sayda qanunsuz saxlanılan odlu silahları təhvil verdiyini açıqlayıb.

Bu barədə DİN-in Mətbuat Xidməti idarəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, artıq bir neçə gündür vətəndaşlar gizlədilən döyüş silahlarını, partlayıcıları və sursatları könüllü polisə təhvil verir, yaxud ünvanları göstərirlər.

“Proses dünən də davam edib, xeyli silah-sursat təhvil verilib. Təqdirəlayiq haldır. Çağırışımıza ehtiramla yanaşan vətəndaşlara təşəkkür edirik”, - E.Hacıyev vurğulayıb.