İtaliyalı dizayner Pyerpolo Lazzarini “UFO 2.0” adlı üzən evin inşasına vəsait yığımının startı barədə elan edib. Evə verilmiş ad “naməlum üzən obyekt” (Unidentified Floating Object) kimi açılır.
İnsider.az “Designboom” portalına istinadla bildirir ki,“UFO 2.0” özündə iki yaşayış zonası və göyərtəni ehtiva edir. Yuxarı qatda işçi zonası və cakuzi, su altında isə yataq otağı yerləşir. Sualtı yaşayış fəzası balıqları izləmək üçün panorama pəncərəsi ilə təchiz edilib, yataq otağının hündürlüyü 2,3 m təşkil edir.
Mənzilin göyərtəsinin diametri 12,5 metrdir. Burada korpusun içində quraşdırılmış batareyaları şarj edən günəş panelləri, həmçinin bostan qurulması üçün sahə yerləşib. “UFO 2.0” şor suyu şirinləşdirən stansiya və evə suda avarlı vint üzərindən hərəkət etməyə imkan verən motorla təchiz olunub. Hərəkət etmə sürəti təxminən 3,5 dəniz mili 6,4 km/s) təşkil edir.
“Naməlum üzən obyekt” konsepsiyası üzərində Lazzarini bir neçə il işləyib. Dizayner 1 milyon dollar yığdığı təqdirdə, “UFO 2.0”-ın inşasını 2021-ci ilə bitirməyi planlaşdırır. Kraudfandinq şirkətinin iştirakçıları taymşeyr proqramı üzrə “naməlum üzən obyekt”dən, ilin müəyyən günlərini rezerv edərək faydalana biləcəklər.
Samirə Məmmədova