Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun və Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra qarşımızda işğaldan azad edilən torpaqların bərpası, həmin ərazilərin müasir və abad yaşayış mühitinə çevrilməsi kimi mühüm vəzifələr dayanır.
Bu barədə Qarabağ Dirçəliş Fondu məlumat yayıb.
Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan, əsas vəzifəsi işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması, inkişaf etmiş, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstəyinin göstərilməsi olan Qarabağ Dirçəliş Fondu bu mühüm işlərə qoşulmaq istəyən bütün vətəndaşlarımız üçün əlçatan, vahid platformadır.
Öz fəaliyyətini şəffaflıq, hesabatlılıq və cəmiyyət ilə sıx əməkdaşlıq prinsipləri əsasında quran Fond hər kəsi özünün yeni yaranacaq loqotipinin dizaynının hazırlanmasında iştirak etməyə dəvət edir.
Loqotipin arxasında olan ideyanı aşağıdakı “açar sözləri” ilə təsvir etmək olar:
• Ruhlandırıcı;
• Qarabağın rəmzi dəyərlərini əks edən;
• İnkişaf, dirçəliş, müasirlik və rifahı ehtiva edən.
Loqotip sadə olmalıdır. Dizaynın hazırlanmasında isə Qarabağ Dirçəliş Fondunun məqsəd və vəzifələrini, yuxarıda qeyd olunan konseptini özündə əks etdirməsi şərtilə heç bir məhdudiyyət qoyulmur.
Daha öncə hər hansı bir yerdə istifadə olunmuş loqotipin təqdim edilməsi yolverilməzdir.
Loqotipin qısa, izahedici mətnlə birlikdə göndərilməsi arzuolunandır.
Hazırlanan işlər ad, soyad, əlaqə nömrəsi də əlavə edilməklə info@qdf.gov.az elektron ünvanına göndərilməlidir.
Ən yaxşı layihələr rəsmi loqotipin seçilməsi zamanı Fondun rəhbərliyi tərəfindən nəzərə alınacaq. Seçilən loqotipin müəllifi isə Fond tərəfindən mükafatlandırılacaq. Rəsmi loqotipin seçilməsi haqqında son qərarı daxili prosedurlara uyğun olaraq Fondun rəhbərliyi verəcək.
Qeyd edilib ki, Qarabağ Dirçəliş Fondunun hazırda istifadə etdiyi loqotip müvəqqətidir.