dmx-reisi-azerbaycanda-qacqin-statusu-almaq-isteyen-xaricilerin-sayi-artib

DMX rəisi: "Azərbaycanda qaçqın statusu almaq istəyən xaricilərin sayı artıb"

"Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin l yarımilində ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 6 faiz, ölkədə müvəqqəti yaşayanlarda 0.4 faiz, iş icazəsi alanlarda 14 faiz, qaçqın statusu üçün müraciətlərdə 53 faiz artım müşahidə olunur".

İnsider.az-ın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin 6 ayının yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu müddət ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilən qərarların sayında 34 faiz azalma var: "Qurum tərəfindən vətəndaş məmnunluğu sahəsində görülən işlərin nəticəsidir ki, vətəndaş müraciətlərinin sayında 8 faiz azalma qeydə alınıb. Hesabat dövründə "Çağrı mərkəzi"nə daxil olmuş zənglərin sayı isə 53.303 olub".

© Report.az